Amerikalı milyarder Ceff Bezosa məxsus kosmik şirkət "Blue Origin" özünün qlobal peyk şəbəkəsi "TeraWave" yaratmaq planlarını açıqlayıb...
Poliqon xəbər verir ki, şəbəkə birbaşa İlon Maskın "Starlink" şirkəti ilə rəqabət aparacaq.
CNBC-nin şirkətə istinadən verdiyi məlumata görə, şəbəkə aşağı və orta Yer orbitində yerləşdiriləcək 5408 peykdən ibarət olacaq. Korporativ müştərilər, məlumat mərkəzləri və dövlət qurumları üçün nəzərdə tutulacaq. "TeraWave" saniyədə 6 terabitə qədər məlumat sürəti təmin edə biləcək. Şəbəkənin yerləşdirilməsinə 2027-ci ilin dördüncü rübündə başlamaq planlaşdırılır.
Beləliklə, "Amazon"un qurucusu "Starlink"in (orbitdə 9000-dən çox peyk və təxminən 9 milyon abunəçi ilə) dominantlıq etdiyi sürətlə böyüyən peyk internet bazarında birbaşa rəqabətə girir.
Nəşr xatırladıb ki, indiyə qədər "Blue Origin" şirkəti suborbital turist buraxılışlarına, eləcə də 2025-ci ildə sınaqdan keçirilmiş "New Glenn" ağır raketinin hazırlanmasına diqqət yetirirdi.
Poliqon.info