Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul etdi: "Ölkə Prezidenti bu çağırışı etdi ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur".