"2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Bir pəncərə" ixraca dəstək mərkəzi vasitəsilə sahibkarlar tərəfindən 3451 müraciət qeydə alınıb".
BAKU.WS xəbər verir ki, bunu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı qurumun ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu müraciətlərlə ixrac əsasən 5 ölkə üzrə həyata keçirilib:
"Belə ki, Azərbaycan məhsulları Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna bazarlarına çıxarılıb. İxracı həyata keçirilən əsas məhsullar sırasında isə qızıl, pomidor, pambıq lifi, meşə fındığı və karbamid yer alır".
İİTKM-in fəaliyyətinin digər mühüm istiqamətlərindən birinin insan kapitalının inkişafı olduğunu vurğulayan icraçı direktor bildirib ki, hesabat dövründə mərkəz tərəfindən 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib:
"Bu tədbirlər Avstriya, Polşa, Çin, Yaponiya, Cənubi Koreya, Almaniya, Qazaxıstan, Böyük Britaniya, Özbəkistan, Türkiyə, Gürcüstan, Şimali Kipr, Belçika, İtaliya, Pakistan, Macarıstan, Qırğızıstan və Lüksemburq daxil olmaqla bir sıra ölkələri əhatə edib".