EN

“Kəpəz” Bentuya daha bir həftə verdi - “Qayıtmağına qayıtmayacaq, ancaq…”

Qış fasiləsində vətəni Braziliyaya yollanan “Kəpəz”in müdafiəçisi Cefferson Bentu qayıtmır. Artıq bu barədə ictimaiyyətin məlumatı var.

22 yaşlı mərkəz müdafiəçisi həyat yoldaşı Azərbaycanı bəyənmədiyinə görə qayıtmaq istəmir. Bentu klub rəsmilərinə müraciət edərək xanımının ölkəmizdə xoşbəxt olmadığını və bu səbəbdən gəlmək istəmədiklərini deyib. Xatırladaq ki, Bentu cari mövsümün əvvəlində “Portimonense”dən icarə əsasında “Kəpəz”ə transfer olunub.

Futbolçu xanımı ilə Bakıda qalırdı, yoxsa Gəncədə? Bu məsələnin həlli yolunda hansıs addım atılırmı? Klubun futbolçuya verdiyi vaxtın bitdiyini nəzərə alsaq, FİFA-ya şikayət gözlənilirmi? Bununla bağlı klubun mətbuat katibi Gəray Qiyasovla əlaqə saxladıq:
“Düşünürdük ki, FİFA-ya bu gün müraciət edək. Amma futbolçuya bir az da vaxt verdik - həftənin sonuna qədər. Artıq qayıtmaq yox, kompensasiya məsələsidi. Onu həll etsə, şikayət etməyəcəyik. Həftənin sonuna qədər vaxt vermişik. Qayıtmağına qayıtmayacaq. Yeni klubu ilə anlaşmayıb. Anlaşsaydı, yeni klubu kompensasiya ödəyərdi. Hələ ki razılaşdığı klub yoxdu”.
300 min avro “transfermarkt” dəyəri olan Bentu “Kəpəz”in əvəzedilməz futbolçularından biri idi. Çempionatdakı 16 oyunun hamısında meydanda olan mərkəz müdafiəçisi 14-də start heyətində yer alıb.
MÜZƏFFƏR QULUZADƏ
Chosen
72
football-plus.az

1Sources