“Qarabağ”ın cinah müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 7-ci turunun rəmzi heyətinə daxil edilib.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb. O, bu uğura Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirdikləri oyundakı performansı ilə nail olub. Ağdam təmsilçisi sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib.
Bu matçda 90 dəqiqə meydanda olmuş Elvin Cəfərquliyev bir məhsuldar ötürmə ilə yadda qalıb və oyunun ən fəal futbolçularından biri olub.
“Keşlə”nin (indiki “Şamaxı”) yetirməsi olan Cəfərquliyev 2017-ci ildən “Qarabağ”ın sıralarındadır. O, 2019/2020-ci illər mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra – 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.
Elvin indiyə qədər “Qarabağ”ın heyətində 213 oyuna çıxıb, 8 qol və 35 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt”da dəyəri 1,5 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasının heyətində 33 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

