XANKƏNDİ, 23 yanvar. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam edir.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, ilk dəfə olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə başlanılıb.
Bununla yanaşı, Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər bərpa edilib və şagirdlər müasir təhsil şəraitində təhsilə cəlb olunublar.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məhsimli təhsil müəssisələrinə baxış keçirib, yaradılan şəraitlə tanış olub və dərs prosesini izləyib. O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, azad edilmiş ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması bölgəyə qayıdan əhalinin sosial rifahının yüksəldilməsində mühüm rol oynayır.