EN

Nomofobiyanın yaranmasına səbəb nədir?

“Son illərdə “Nomofobiya” (Telefonsuz qalmaq qorxusu) sürətlə yayılır. Demək olar ki, hər insanda müəyyən qədər bu qorxu var”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən bəhs edib:
“Müasir dünyada telefon bizim artıq həyatımızın əsas hissəsinə çevrilib. Əsas hissə deməyimiz hər zaman neqativ tərəfə yozulmamalıdır. Çünki insanlarda telefonu itirmək qorxusunun bir neçə səbəbi var. Nəzərə almaq lazımdır ki, telefon təkcə zəng vasitəsi deyil. Onun içərisinə bank kartlarımız, şəkillərimiz, videolarımız, PDF-lərimiz kimi çox lazımlı ləvazimatlarımız olur. Buna görə də telefonu itirməkdən qorxuruq. Bundan başqa, sosial əlaqədən qopmaq qorxusu da ola bilir. Sevdiklərimizlə telefon vasitəsilə ünsiyyət qururuq və bu, bizdə artıq vərdiş halını alıb. Yəni telefon olmasa sevdiklərimizlə ünsiyyətimiz kəsilər”.

Ekspert qeyd edib ki, sosial şəbəkə asılılığı da bu qorxuya təsir edir:
“Günümüzdə bəzi insanlarda sosial şəbəkə asılılığı o qədər yüksək səviyyədədir ki, telefondan kənar qaldıqları zaman narahat olurlar. Onlar, bir növ telefona bağlı həyat yaşamağa öyrəşiblər. Bir çoxları da sosial şəbəkələrdə vaxt keçirməyə alışıb və bu olmayanda özlərini yaxşı hiss etmirlər. 

Həmçinin, insanlar özlərini tək hiss edəndə və yorulanda da ilk olaraq telefona yönəlirlər. Bu zaman özümüzlə baş-başa qalmağı deyil, telefonda vaxt keçirməyi daha üstün tuturuq. Çox təəssüf ki, indiki gənclərdə uşaqlıqdan formalaşan bir telefon qavrayışı var. Hal-hazırkı gənclərin çoxusu uşaqlıqdan bəri telefonla vaxt keçirdiklərinə görə onlar üçün telefonsuzluq bir qorxulu bir hala çevrilib”.

Lakin psixoloq diqqətə çatdırıb ki, telefon bizim əsas hissəmiz və ya həyatımızın mühüm parçası deyil:
“Bəli, onda şəxsi məlumatlarımız olur. Ancaq unutmamalıyıq ki, nomofobiya ilə yaşamamalıyıq. Çünki bu, bizdə panik-atak, yaddaş pozğunluğu, diqqətin yayınması, stressin artması və təşvişin yaranmasına gətirib çıxara bilər. Biz duyğularımızın fərqinə varmayanda və nə yaşadığımızı hiss etməyəndə özümüzdən qaçış yerimiz telefon olacaq”.

Pərviz

Chosen
13
hit.az

1Sources