EN

Saxta yağlar sağlamlığa gerçək qənim kəsilib

Mənşəyi məlum olmayan bu məhsullar süfrələrimizə necə ayaq açır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yağ idxalçıları ilə onlayn görüşündə qida məhsullarının etiketlənməsinin “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilməsinin vacibliyi bildirilib. Eyni zamanda, istehlakçıya qida məhsullarının adı, enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, istehsal üsulu, eləcə də istifadə qaydaları barədə dolğun məlumatlar verilməsinin önəmi xatırladılıb.

AQTA-nın yağ idxalçıları ilə yuxarıda qeyd edilən mövzuda görüş keçirməsi təsadüfi deyil. Bu, daxili bazarda satışa çıxarılan kərə yağının, təqribən, yarısının kənardan gətirilərək yerli müəssisələrdə yenidən qablaşdırılıb alıcılara təqdim edildiyi narahatlıq doğuran şəraitdən irəli gəlib. Başqa sözlə, belə bir toplantının gerçəkləşdirilməsi AQTA tərəfindən saxta məhsulların aşkarlanması, inhisarçılarla daha fəal mübarizə aparılması və digər pozuntuların qarşısının alınması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi zəruriliyi ilə bağlı olub. Bu sahədə vəziyyətin kərə yağına idxal rüsumundan azadolmanın cari ilin yanvar ayında başa çatması və pərakəndə satış qiymətlərində artımın gözlənilməsi ilə daha da ağırlaşdığı müşahidə edilib.

Son zamanlar AQTA-nın fəaliyyətində süd məhsulları bazarına nəzarətin gücləndirilməsi, keyfiyyət pozuntularının müəyyənləşdirilməsi və məhsul tərkibinin nəzərdə tutulan normalara uyğunluğunun qiymətləndirilməsi daha çox diqqət çəkir. Agentliyin kərə yağı idxalçıları ilə görüşündə sözügedən məqamların önə çəkilməsi, xüsusilə məhsulun etiketlənməsi və tərkibinin dəqiq göstərilməsi ilə bağlı qanuni tələblərin müzakirəyə çıxarılması da bu fikrin bariz ifadəsidir.

Agentliyin onlayn görüşündə sadalanan problemlərin qabardılmasını da qurumun yoxlamalar zamanı müxtəlif növ kərə yağının, o cümlədən İrandan ölkəyə bu növ məhsulun idxal edilməsi zamanı etiketləmə pozuntularının aşkarlanması zəruriləşdirib. AQTA mütəxəssislərinin fikrincə, son vaxtlar idxal olunan məhsulların etiketlərində tez-tez “bitki yağı” və ya “kərə yağı” kimi ümumi məlumatların göstərildiyi, lakin qida və enerji dəyəri, tərkibi, yağ faizi, allergenlərin olması və s. barədə ətraflı məlumat verilmədiyi narahatlıq doğurub.

Ekspertlərin fikrincə, bu gün idxal olunan kərə yağı bazarına nəzarətin gücləndirilməsi zərurəti daha çox aktualdır. Çünki adıçəkilən məhsul ticarət şəbəkələrindəki bu növ yağların, təqribən, yarısını təşkil edir. Burada söhbət idxal olunan qablaşdırılan məhsullarla bərabər, həm də qablaşdırılmayan böyük həcmdə kərə yağından gedir. Sonuncu hal isə bir sıra obyektiv səbəblərə görə yerli süd istehsalı zamanı lazımi həcmdə keyfiyyətli xammal alınmaması səbəbindən respublikada kifayət qədər geniş yayılan bir təcrübədir.

Azərbaycan son 10 ildə xaricdən yüksək məhsuldar süd mal-qara cinsləri alsa da, xam südün dəyəri nisbətən yüksək olaraq qalır. Bu, hər zaman obyektiv səbəblərlə şərtlənir. Belə ki, Belarus, Ukrayna, Rusiya və xüsusilə Avstraliya, eləcə də Yeni Zelandiyadan fərqli olaraq, ölkəmiz iqlim və torpaq şəraitinə görə daim geniş, münbit otlaqların çatışmazlığı ilə üzləşir. Son illər respublikamızın ən məhsuldar südçülük təsərrüfatlarında bəslənilən mal-qara sürüləri tədricən sərbəst otlaq sahələrindən tövlə sisteminə əsaslanan otlağa keçir. Təəssüf ki, bir sıra üstünlüklərə baxmayaraq, bu, yem, enerji, istilik, texniki xidmət, işçi qüvvəsi və s. xərcləri artırır. Nəticədə, Azərbaycanda bir ton südün topdansatış qiyməti yuxarıda adları çəkilən ölkələrlə müqayisədə, təqribən, üçdəbir qədər çox təşkil edir.

Ekspertlər bildirirlər ki, hazırda yerli xammaldan kərə yağı da daxil olmaqla süd məhsullarının istehsalı xeyli baha başa gəlir. Ölkəmiz süd ehtiyacının, təxminən, 48-49 faizini daxili istehsal hesabına, qalan hissəni isə xarici ölkələrdən gətirilən süd tozu ilə ödəyir. Süd tozu olmadan yerli müəssisələr süd məhsuldarlığının mövsümi azalması nəzərə alınmaqla, fasiləsiz istehsalı gerçəkləşdirə bilmir. Rəsmi statistikaya görə, respublikanın kərə yağına illik tələbatı, təqribən, 38-40 min tondur və bu tələbatın yalnız yarısından bir qədər çoxu yerli xammal hesabına ödənilir.

Yeri gəlmişkən, bu məsələdə idxal inflyasiyasının təsiri də nəzərə alınmalıdır. Statistik göstəricilərə əsaslanıb deyə bilərik ki, 2022-ci ildən ötən ilə qədər ölkəmizin əsas ticarət tərəfdaşları arasında quru süd və kərə yağının qiymətləri böyük həcmdə artıb və bu, ticarət vasitəsilə yerli istehsala, eləcə də pərakəndə satışa mənfi təsir göstərib. Belə bir vəziyyət isə respublikamızda kərə yağı istehsalının azalmasına mənfi təsir edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar – noyabr aylarında 26 min 890 tondan bir qədər çox (9,1 faiz) kərə yağı istehsal olunub. Keçən ilin yanvar-noyabr aylarında isə yerli kərə yağı istehsalı nəinki artıb, əksinə, 9,4 faiz azalaraq 24 min 358 tona düşüb. Getdikcə bahalaşan idxal kərə yağına tələbat da azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat ilinin 11 ayında ölkəmizə, təxminən, 23 min 53 ton (12,7 faiz az) kərə yağı və digər süd əsaslı yağlar idxal edilib.

Mütəxəssislər qeyd edirlər ki, yerli süd sənayesinə təsir edən obyektiv amillərlə bərabər, təəssüf ki, kərə yağı istehsalı və idxalında bəzi mübahisəli proseslər də narahatlıq doğurur. Məsələn, bazara təsir edən ciddi bir problem quru süd və kərə yağı idxalına nəzarət edən inhisarçı qrupların olması ilə bağlıdır. Belə ki, kərə yağının yenidən qablaşdırılması ilə məşğul olan holdinq şirkətləri və iri topdansatış idxalçıları adətən MDB ölkələrindən, Avstraliya, Yeni Zelandiya və İran, eləcə də Səudiyyə Ərəbistanından məhsul almaqda “üstünlüklərə” malikdir.

Haqsız rəqabət də idxal olunan kərə yağının bahalaşmasına səbəb olur. Bu amil, xüsusilə ölkənin iri pərakəndə satış şəbəkələrində nəzərə çarpır, burada qablaşdırılan idxal kərə yağının pərakəndə satış qiymətləri demək olar ki, eyni səviyyədə, eyni vaxtda müəyyənləşdirilir. Yerli kərə yağının nisbətən aşağı keyfiyyəti ilə bazar problemlərinin yeri daha da “möhkəmlənir”. Məsələn, bəzi müəssisələr qablaşdırmalarda məhsulun 82,5 faizinin təmiz qaymaq olması iddiası ilə öyünsələr də, bu, çox zaman həqiqəti əks etdirmir. Ona görə ki, bu cür yerli kərə yağı əridildikdə qeyri-bərabər çöküntü əmələ gəlir. Başqa sözlə, əlavələri olan bu növ kərə yağı tamamilə ərimir, ətrafa yanmış və sintetik qoxu yayır. Bu isə ciddi narahatlıq doğuran halların – tərəvəz yağlarının, marqarinin, süd zülallarının, nişastanın və s. mövcudluğunu açıq şəkildə göstərir.

Ekspert araşdırmalarında yerli bazarlarda satılan nehrə yağının keyfiyyətinə də toxunulur. Ölkəmizdə daha çox alıcı diqqəti çəkən bu məhsulun 99 faizinin saxta olduğu bildirilir. Bu, belə əsaslandırılır ki, 1 kiloqram təbii kərə yağı istehsalı üçün 25 litr süd tələb olunur. Südün litrinin orta topdansatış qiyməti 1,5 manat olduqda, işçi qüvvəsi, enerji, nəqliyyat və satıcının əlavə dəyəri çıxılmaqla, nehrə yağının dəyəri, təqribən, 35 manata yüksəlir. Bakı bazarlarında isə bu məhsul 15-20 manata satılır. Belə bir göstərici isə nehrə yağının saxta olduğundan və istehlakçıların aldadıldığından xəbər verir.

AQTA-nın keçirdiyi reydlərdən də aydın olur ki, qablaşdırılmış bitki mənşəli yağlardan nehrə yağının hazırlanması artıq geniş yayılıb. Bundan əlavə, bu cür məhsullarda – qaymaq və yağda koliform bakteriyalar, kif və maya aşkar edilib. Buna görə də hazırda “nehrə yağı” bazarında optimallaşdırmaya və birbaşa saxta kərə yağı istehsalının dayandırılmasına zəruri ehtiyac duyulur. Görünür, kərə yağı idxalçıları üçün güzəştlərin cari ilin yanvar ayından etibarən aradan qaldırılması, yəni 2017-ci ildən cari ilin əvvəlinədək tətbiq edilən 5 faizlik rüsum dərəcəsinin hazırda 15 faizə yüksəldilməsi də daxili bazarda yaranan bu vəziyyətdən qaynaqlanır.

Bu məqamda başqa bir məsələyə də diqqət yetirək. Statistik hesablamalara görə, 2025-ci ilin 10 ayı ərzində ölkəmizə orta hesabla kiloqramı 2,35 manata 42 min 400 ton palma yağı gətirilib. Ekspertlər bildirirlər ki, bu məhsulun müəyyən hissəsi digər yağlarla qarışdırılaraq əhaliyə kərə yağı kimi satılıb. Eyni zamanda, marqarinin də artan tələbat fonunda idxalı ilə yanaşı, istehsalı da yüksəlib. Məsələn, ötən ilin 11 ayında respublikada 46 min 500 tondan çox (3,1 faiz artım) marqarin istehsal olunub.

Ağa SALAMOV,
qida məsələləri üzrə ekspert

Kərə yağı adı ilə satılan bəzi məhsullar insan orqanizmində fəsadlarla müşahidə edilir. Belə qarışıq yağlar ürək-damar, mədəaltı vəz, qaraciyər xəstəliklərinə səbəb olur. Heyvan mənşəli yağ olan kərə yağı süddən hazırlanır və onun bitki tərkibli hesab edilməsi heç bir məntiqlə uzlaşmır. Amma kərə yağında bitki yağı varsa belə, o, qatılaşdırma prosesində işlədilir. Həmin yağlar hidrogen püskürtməklə müəyyən bir istiliyə, məsələn, 250 dərəcəyə çatdırılır. Bu, daha çox bitkinin qoxusunu dəyişmək məqsədilə reallaşdırılır. Nəticədə, qatı bir maddə əldə edilir və ona rəng, dadlandırıcılar vurulub kərə yağı adı ilə satılır.

Yağlılığı 82 faiz təşkil edən kərə yağını qatqısız saymaq olar. Bu göstəricinin real olub-olmaması laboratoriya nəticələri ilə müəyyən edilir. Kərə yağı gündəlik qida rasionunda da mühüm önəminə görə fərqlənir. Bazarda isə çoxsaylı məhsullar arasında keyfiyyətli və təbii kərə yağı seçmək çox zaman çətin olur.

Bazarlarda saxta və ya keyfiyyətsiz yağ məhsullarının satışı alıcıların sağlamlığı üçün risk yaradır. Keyfiyyətli kərə yağı isə yalnız təbii süddən hazırlanır. İçində qatqı maddələri, bitki yağları və ya emulqatorların mövcudluğu məhsulun təbii olmadığından xəbər verir. Hər bir məhsulda istehsal tarixi, son istifadə müddəti, tərkibi və istehsalçı haqqında məlumat olmalıdır. Rəsmi qeydiyyatı və lisenziyası olmayan məhsullardan çəkinmək məsləhətdir.

Kərə yağı qutularının açılmaması və zədəsiz olması da vacibdir. Qutuda deformasiyalar və ya çatlar məhsulun xarab ola biləcəyinə işarədir. Təbii kərə yağı açıldıqda xoş, təzə süd qoxusu verir. Əgər kərə yağı kəskin və ya yad bir qoxu yayırsa, bu, məhsulun keyfiyyətsiz olduğunu göstərir. Çox ucuz qiymətə satılan kərə yağları adətən saxta və ya qatqılı olur.

Bəzən işbazlar bitki spreylərindən də istifadə edirlər. Bu da qatqı hesab olunur. Belə halları Qida Təhlükəsizliyi Agentliyi aşkarlayır. Amma kərə yağının keyfiyyətini müəyyənləşdirmək üçün xüsusi ipucları da var. Məsələn, otaq temperaturunda olan kərə yağı yumşaq halda olur. Həmçinin kərə yağı əriyəndə tərkibindəki süd üzə çıxır və köpüklənir. Bundan əlavə, onların xüsusi qoxusu və dadı olur. Bəzən yağ ağızda xoş dad buraxmır. Bu zaman artıq məhsuldan şübhələnməyə dəyər.

Vaqif BAYRAMOV
XQ

Chosen
31
1
xalqqazeti.az

2Sources