EN

“Hyundai Motor” şirkətinin həmkarlar ittifaqı humanoid robotların istifadəsinə etiraz edir

Bakı, 23 yanvar, AZƏRTAC

Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin həmkarlar ittifaqı əməkdaşların razılığı olmadan humanoid robotların istehsalatda istifadəsinə qarşı çıxıb.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə həmkarlar ittifaqına istinadla məlumat yayıb.

“İşçilər və rəhbərlik arasında razılaşma olmadan heç bir humanoid robot istehsal xətlərinə buraxılmayacaq”, - deyə təşkilatdan bildirilib.

Təxminən 40 min üzvə malik Cənubi Koreya avtomobil istehsalçıları həmkarlar ittifaqı Las-Veqas şəhərində keçirilən CES 2026 sərgisində şirkətin təqdim etdiyi “Atlas” adlı yeni robotun avtomobil sənayesi nümayəndələri arasında zavodlarda iş imkanları ilə bağlı narahatlıqlar yaratdığını vurğulayıb.

Robot Cənubi Koreya şirkətinə məxsus “Boston Dynamics” tərəfindən hazırlanıb. “Hyundai Motor” onları sənaye istehsalında, əsasən də avtomobil zavodlarında tətbiq etməyi planlaşdırır.

Qiyməti təxminən 200 milyon von (136 min dollar), illik texniki xidmət xərcləri isə təxminən 14 milyon von (9 min 500 dollar) təşkil edən həmin robotlar insanlardan fərqli olaraq, gündə 18-24 saat işləyə bilir. “Hyundai Motor”un zavodlarında adi işçiyə ildə təxminən 130 milyon von (88 min 200 dollar) vəsait xərclənir, onların iş günü isə 8-10 saatdan ibarətdir.

Qeyd edək ki, “Hyundai Motor” səhmləri ilin əvvəlindən bəri 70 faizdən çox bahalaşıb. Sərmayədarlar süni intellektin və robot texnologiyasının inkişafı sayəsində xərclərin azalacağına, məhsuldarlığın isə artacağına inanırlar.

Chosen
119
1
azertag.az

2Sources