EN

Bir neçə ilə müəllimlərə telefon qadağan olunacaq - PROQNOZ

Xəbər verdiyimiz kimi, Gürcüstan məktəblərində müəllimlərin dərs zamanı mobil telefonlardan istifadəsi məhdudlaşdırılır. Təhsil prosesində diqqətin yayınmasının qarşısını almağı hədəfləyən bu qərar cəmiyyətdə və təhsil mütəxəssisləri arasında müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə belə məhdudiyyətlərin nə dərəcədə effektiv olduğu sual doğurur.

Bu kontekstdə əsas sual yaranır ki, sözügedən təcrübənin Azərbaycanda da tətbiq olunması tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb. 

O, qeyd edib ki, şagirdlərin telefondan istifadəsinə qadağa qoyulursa, o halda müəllimlərin də tədris müddətində mobil telefondan istifadəsinə qadağa oluna bilər:

"Bu təşəbbüs təkcə Gürcüstanda yox, artıq Finlandiyada və Avropanın bir neçə ölkəsində də tətbiq olunmağa başlayıb. Yəni Azərbaycan da dünyanın tərkib hissəsi olduğundan düşünürəm ki, bu, gec-tez Azərbaycanda da tətbiq olunacaq.

Çünki artıq şagirdlərin telefondan istifadəsinə qadağa qoyulursa, o halda müəllimlərin də tədris müddətində mobil telefondan istifadəsinə qadağanın tətbiq olunacağı ehtimal olunur. Bu isə artıq təcrübəyə, yəni mövcud ictimai təcrübənin nəticələrinə əsaslanan bir məsələdir.

Düzdür, Azərbaycanda bu məsələ hələlik müzakirə olunmur, amma bütün hallarda Azərbaycan qabaqcıl təcrübəyə söykənərək, bəzi hallarda ilkin təcrübələri tətbiq etməkdə maraqlı olur. Necə ki, telefonlarla bağlı qadağalar tətbiq olundu".

Chosen
90
azedu.az

1Sources