EN

Prezidentin alternativ enerjiyə transformasiya siyasəti qlobal problemlərin həllində Azərbaycanın rolunu göstərir - AÇIQLAMA

Bakı, 23 yanvar, AZƏRTAC

Müasir dünyada enerji təkcə iqtisadi resurs kimi deyil, həm də dövlətlərin strateji təhlükəsizliyini, iqtisadi inkişafını, insanların sosial vəziyyətini, ekoloji sabitliyini müəyyən edən fundamental amildir. Hər bir dövlət daha çox enerji istehsal etməyə və özünün enerji təhlükəsizliyini təmin etməyə çalışır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ADA universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masa çərçivəsində deyib.

O bildirib ki, təmiz enerji ətraf mühitə minimal təsir göstərən, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldan və enerji istehsalında uzunmüddətli dayanıqlığı təmin edən mənbələri əhatə edir:

“Lakin müasir elmi yanaşmaya görə, təmiz enerji konsepsiyası yalnız istehsal mərhələsi ilə məhdudlaşmır. Enerjidən səmərəli istifadə, enerji effektivliyinin artırılması və resurs risklərinin minimuma endirilməsi bu konsepsiyanın ayrılmaz və tamamlayıcı elementləridir. Məhz bu kompleks yanaşma Azərbaycanın milli qanunvericilik sistemində də öz aydın ifadəsini tapır. Təmiz enerji sahəsində xüsusi strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsidir. Naxçıvan Muxtar Respublikası da bu strategiyanın mühüm tərkib hissəsidir. Bu qərar postmüharibə dövründə bərpa və yenidənqurma proseslərinin ekoloji, innovativ və enerji baxımından səmərəli əsaslar üzərində qurulmasına xidmət edən nümunəvi model kimi dəyərləndirilməlidir. Nəticə etibarilə, Təmiz Enerji Günü Azərbaycanın enerji siyasətində yeni mərhələnin ideoloji, elmi və hüquqi əsaslarını təcəssüm etdirən mühüm platformadır”, - deyə deputat əlavə edib.

Azərbaycanın neft strategiyasına toxunan S. Qurbanov nəzərə çatdırıb ki, dünya dövlətləri arasında zəngin karbohidrogen ehtiyatlarına malik olan çox dövlət var, lakin bu ehtiyatlar heç də həmişə uğur qazandırmır: “Neftlə zəngin olan bir sıra dövlətlərin aqibəti göz önündədir. Lakin Ümummilli Lider Heydər Əliyevin neft strategiyası Azərbaycanı nəinki geosiyasi problemlərdən qorudu, eləcə də, onun inkişafına, iqtisadi qüdrətinin artmasına səbəb oldu. Bu gün Prezident İlham Əliyev neft strategiyasını uğurla davam etdirərək alternativ enerjiyə transformasiya olunmaq istiqamətində siyasət aparır ki, bu da Azərbaycanın qlobal problemlərin həllindəki rolunu daha da artırır”.

Chosen
98
azertag.az

1Sources