ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib
Gürcüstan ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə Sülh Şurasına üzv olmaq üçün dəvət olunmayıb. Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski dəvətin alınmamasını ölkənin şurada iştirakına ehtiyacın olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, Sülh Şurasına müharibə ilə bağlı olan ciddi proseslərin yaşandığı ölkələr dəvət edilib.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili isə baş verənlərə görə Gürcüstanın hazırkı hökumətini ittiham edib: “ABŞ Prezidenti Donald Tramp yaxın qonşularımızı Sülh Şurasına dəvət etsə də, Vaşinqtonda Gürcüstanı yada salan yoxdur. Azərbaycan da getdi, Gürcüstan tək qaldı. İndi mənə deyin: əgər 2012-ci ildən sonra mənim kursum davam etsəydi, bu yeni şuraya dəvət alardıqmı?”
Qeyd edək ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik 2024-cü ilin sonundan davam edir. Həmin ilin noyabrın 30-da Vaşinqton Tbilisi ilə 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bəyan etsə də, Vaşinqton Tbilisi ilə münasibətlərlə bağlı rəsmi mövqeyini hələ də açıqlamayıb. 
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Gürcüstanın Dünya İqtisadi Forumuna, eyni zamanda da Sülh Şurasına üzv olmaq üçün dəvət edilməməsi rəsmi Tiflis üçün ciddi siyasi siqnaldır. Politoloqun fikrincə bu addım Gürcüstan hökumətinin son illərdə qəbul etdiyi qərarların Qərblə münasibətlərdə yaratdığı dərin etimadsızlığın göstəricisi kimi qiymətləndirilməlidir:
““Gürcü Arzusu” hökuməti rəsmən Avropaya inteqrasiyanı prioritet elan etsə də, vətəndaş cəmiyyəti institutları və media ilə bağlı qəbul edilən məhdudlaşdırıcı qanunlar, Rusiya ilə genişlənən iqtisadi əlaqələr, eləcə də Moskva ilə qeyri-şəffaf siyasi təmaslar Avrointeqrasiya ilə ziddiyyət təşkil edir. Nəticədə Gürcüstan beynəlxalq müstəvidə tədricən siyasi izolyasiya vəziyyətinə düşür. Gürcüstan hökuməti bu kursu “müstəqil xarici siyasət” kimi təqdim etməyə çalışsa da, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə yaranmış böhran ölkə üçün müsbət perspektiv vəd etmir. Xüsusilə Rusiyanın regiondakı maraqlarına uyğun atılan daxili və xarici siyasət addımları Cənubi Qafqazda mənfi geosiyasi tendensiyaların dərinləşməsinə səbəb olur”.
M. Əsədullazadə qeyd edib ki, hazırda Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri ən aşağı səviyyələrdən birindədir və bu münasibətlərin normallaşdırılması istiqamətində real addımlar gözlənilmir: “Rəsmi Tiflis Zəngəzur dəhlizinin açılmasını da narahatlıqla qarşılayır ki, bu da Gürcüstanın regiondakı yeni nəqliyyat və enerji konfiqurasiyalarında öz rolunu itirmək qorxusundan qaynaqlanır. Artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib. ABŞ və Avropa İttifaqı regionda əməkdaşlıq baxımından Ermənistan və Azərbaycanla münasibətlərə daha çox üstünlük verməyə başlayıb. Bu isə Gürcüstanın regional proseslərdən kənarda qalması riskini artırır”.
Analitik hesab edir ki, Gürcüstan hökumətinin hazırkı siyasəti növbəti mərhələdə birbaşa öz əleyhinə işləyə bilər: “Avropa İttifaqının Gürcüstana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsi ehtimalı realdır. Bu ssenari baş verərsə, Gürcüstanın həm daxili sabitliyi, həm də beynəlxalq mövqeləri ciddi zərbə ala bilər”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.