AZ

Gürcüstanın Davosa dəvət olunmaması rəsmi Tiflis üçün siqnaldır - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Davos İqtisadi Forumuna dəvət edilməməsi rəsmi Tiflis üçün ciddi siyasi siqnaldır".

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

Onun fikrincə, bu addım Gürcüstan hökumətinin son illərdə qəbul etdiyi qərarların Qərblə münasibətlərdə yaratdığı dərin etimadsızlığın göstəricisi kimi qiymətləndirilməlidir:

““Gürcü Arzusu” hökuməti rəsmi ritorikasında Avropaya inteqrasiyanı prioritet elan etsə də, vətəndaş cəmiyyəti institutları və media ilə bağlı qəbul edilən məhdudlaşdırıcı qanunlar, Rusiya ilə genişlənən iqtisadi əlaqələr, eləcə də qeyri-şəffaf siyasi təmaslar bu bəyanatlarla ziddiyyət təşkil edir. Nəticədə Gürcüstan beynəlxalq müstəvidə tədricən siyasi izolyasiya vəziyyətinə düşür. Gürcüstan hökuməti bu kursu “müstəqil xarici siyasət” kimi təqdim etməyə çalışsa da, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə yaranmış böhran ölkə üçün müsbət perspektivlər vəd etmir. Xüsusilə Rusiyanın regiondakı maraqlarına uyğun atılan daxili və xarici siyasət addımları Cənubi Qafqazda mənfi geosiyasi tendensiyaların dərinləşməsinə səbəb olur”.

M.Əsədullazadə qeyd edib ki, hazırda Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri ən aşağı səviyyələrdən birindədir. Onun fikrincə, bu münasibətlərin normallaşdırılması istiqamətində real addımlar gözlənilmir:

“Rəsmi Tiflis Zəngəzur dəhlizinin açılmasını da narahatlıqla qarşılayır ki, bu da Gürcüstanın regiondakı yeni nəqliyyat və enerji konfiqurasiyalarında öz rolunu itirmək qorxusundan qaynaqlanır. Artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib. ABŞ və Avropa İttifaqı regionda əməkdaşlıq baxımından Ermənistan və Azərbaycanla münasibətlərə daha çox üstünlük verməyə başlayıb. Bu isə Gürcüstanın regional proseslərdən kənarda qalması riskini artırır”.

Ekspert hesab edir ki, Gürcüstan hökumətinin hazırkı siyasəti növbəti mərhələdə birbaşa öz əleyhinə işləyə bilər. "Avropa İttifaqının Gürcüstana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsi isə ehtimalı istisna edilmir. Bu ssenari baş verərsə, Gürcüstanın həm daxili sabitliyi, həm də beynəlxalq mövqeləri ciddi zərbə ala bilər”, - o, bildirib.

Tahirə Qafarlı

Seçilən
54
4
hafta.az

5Mənbələr