EN

Amazon-da yeni irimiqyaslı ixtisarlar planlaşdırılır

Şirkət minlərlə əməkdaşla yollarını ayırmağa hazırlaşır...

Poliqon xəbər verir ki, ABŞ-nin onlayn pərakəndə satış nəhəngi Amazon son dövrlərin ən böyük kadr ixtisarlarından birini həyata keçirməyi planlaşdırır. Reuters agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, şirkət minlərlə əməkdaşı işdən çıxarmaq niyyətindədir.

Məlumata əsasən, ixtisarların növbəti mərhələsi gələn həftə baş tutacaq və bu, ötən ilin oktyabrında elan edilmiş optimallaşdırma proqramının tərkib hissəsi olacaq. Ümumilikdə Amazon təxminən 27 min iş yerini ixtisar etməyi planlaşdırır ki, onların da təqribən 14 mini artıq ləğv edilib.

Gözləntilərə görə, ixtisarlar əsasən Amazon Web Services (AWS) adlı bulud texnologiyaları bölməsinin əməkdaşlarını, eləcə də Prime Video striminq xidmətində çalışan personalı əhatə edəcək. Mütəxəssislər bunu texnologiya sektorunda xərclərin azaldılması və səmərəliliyin artırılması tendensiyası ilə əlaqələndirirlər.

Qeyd edək ki, bundan əvvəl Amazon-un qurucusu Ceff Bezos şirkətə məxsus iri həcmdə səhm paketini sataraq bir gün ərzində 3 milyard dollardan çox vəsait əldə edib. O, Amazon səhmlərinin tarixi maksimuma yaxınlaşdığı bir vaxtda 16 milyondan artıq səhm satıb. Analitiklərin fikrincə, bu addım bazar konyunkturasından maksimum faydalanmaq məqsədi daşıyıb.

Amazon hazırda dünyanın ən iri onlayn pərakəndə satış şirkətlərindən biri hesab olunur və ABŞ, Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir. Şirkət 1995-ci ildə təsis edilib və bu gün elektron ticarət, bulud texnologiyaları, logistika və rəqəmsal kontent sahələrində qlobal liderlərdən biridir.

Poliqon.info

Chosen
86
poliqon.info

1Sources