EN

Putin və Trampın Alyaskada “Ankoric formulu” razılaşması nədən ibarət olub?

ABŞ bə Rusiya liderlərinin “Ankoric formulu” razılaşması Rusiyanın bütün Donbas ərazisinə nəzarətini və mövcud cəbhə xəttinin dondurulmasını nəzərdə tutur...

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən danışıqlar zamanı “Ankoric formulu” adlanan çərçivə razılaşmasını müzakirə edərək razılığa gəliblər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, Moskva yaxın perspektivdə aparılacaq danışıqlarda məhz bu formuldan çıxış edəcək.

Mənbənin sözlərinə görə, “Ankoric formulu” Rusiyanın Donbas regionunun – Donetsk və Luqansk vilayətlərinin bütün ərazisi üzərində tam nəzarətini nəzərdə tutur. Eyni zamanda, bu razılaşma Ukraynada hazırkı cəbhə xəttinin dondurulmasını, yəni hərbi əməliyyatların mövcud mövqelər üzrə dayandırılmasını da ehtiva edir.

Reuters yazır ki, bu yanaşma faktiki olaraq mövcud hərbi reallıqların siyasi səviyyədə təsbit edilməsi anlamına gəlir. Belə bir ssenari isə Kiyev üçün son dərəcə həssas və mübahisəli hesab olunur, çünki bu, Ukraynanın ərazi bütövlüyünün ciddi şəkildə pozulması kimi qiymətləndirilir.

Qeyd edək ki, Kreml daha əvvəl dəfələrlə Ukraynadakı münaqişənin sadəcə cəbhə xəttinin dondurulması yolu ilə həll olunmasını istisna etdiyini bəyan etmişdi. Rəsmi Moskva dəfələrlə bildirib ki, münaqişənin yalnız “Rusiya üçün məqbul olan şərtlərlə” siyasi həllinə razıdır. Buna baxmayaraq, Reuters-in yaydığı bu məlumat Kreml daxilində mövqelərin müəyyən qədər dəyişə biləcəyinə işarə edir.

Məsələ ilə bağlı Vaşinqtondan rəsmi təsdiq və ya təkzib hələlik verilməyib. Analitiklər hesab edirlər ki, əgər belə bir razılaşma doğrudan da mövcuddursa, bu, Ukrayna müharibəsinin gedişində və beynəlxalq diplomatik proseslərdə ciddi dönüş nöqtəsi ola bilər.

Ekspertlərin fikrincə, “Ankoric formulu”nun reallaşması Qərb-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı, eyni zamanda Avropanın təhlükəsizlik arxitekturasında əsaslı dəyişikliklər anlamına gələ bilər.

Poliqon.info

Chosen
97
poliqon.info

1Sources