EN

Aytən Tunay – Köçkün misralar » AzadMedia.az



Aytən Tunay (Qurbanova) - Şair İbrahim Köçkün və köçkün misralardan, sözün, tarixin və yaddaşın nəfəsindən yazıb.
Aytən Qurbanova Aytən Tunay təxəllüsü ilə ədəbi yaradıcılıqlada məşğul olur ADMİU nəzdində Humanitar Kollecdə müəllimdir.


Azərbaycanın qədim tarixinin, mədəniyyətinin və mənəvi yaddaşının ən böyük beşiklərindən biri olan Göyçə mahalı əsrlər boyu yalnız bir yaşayış məskəni kimi deyil, həm də sazın, sözün və el-irfanın nəfəs aldığı müqəddəs bir məkan kimi tanınıb. Tarixi həqiqətdir ki, orta əsrlərdən başlayaraq Göyçə türk mənşəli Sacilərdən, sonra Salari və Rəvvadilərə, Səlcuq İmperiyasına, Atabəylərə, Hülakilərə, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə, daha sonra isə Səfəvi dövlətinə daxil olan bir ərazi olmuşdur. 1747-1828-ci illərdə isə Göyçə İrəvan xanlığının tərkibində olmuş və XX əsrin sonlarına qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri kimi tarixə məlumdur.

Göyçə sazın, sözün və el irfanının nəfəs aldığı böyük bir mədəniyyət ocağı idi ki, Aşıq Alının nəfəsindən Aşıq Ələsgərin hikmətinə, Mirzə Bəylərin mizrabından Miskin Abdalın irfani düşüncəsinə qədər, bu torpaq sözün min bir formasını qoruyub yaşatmışdır. Və bu böyük söz mülkünün yetirdiyi şəxsiyyətlər arasında bir ad var ki, mənim üçün yalnız bir ailə yaddaşı deyil, həm də ruhumun poetik dayağıdır, babam – İbrahim Köçkün (İbrahim İsgəndər oğlu Qurbanov; 15.11.1937-09.04.2016).

1937-ci ildə Göyçə mahalının Kiçik Qaraqoyunlu kəndində dünyaya gələn İbrahim Köçkün ömrünü təhsilə, poeziyaya və vətən sevgisinə həsr etmiş bir ziyalı idi. H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra uzun illər müəllim kimi fəaliyyət göstərmiş, daha sonra M.F.Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində ikinci ali təhsil almışdır. Onun müəllimlik yolu və poeziyaya bağlılığı bir ömür boyu ayrılmaz şəkildə davam etmişdir.

İbrahim Köçkünün bütün yaradıcılığını bir Göyçə elegiyası, bir Göyçə ünvanlı məktublar silsiləsi də adlandırmaq olar ki, onun yaradıcılığı tarixə və mədəni irsə olan sevgisi ilə zəngin olmuşdur. Şairin şeirləri “Sovet Ermənistanı”, “Ədəbiyyat və incəsənət”, “Gəncənin səsi”, “Göygöl”, “Yüksəliş”, “Lider”, “Kredo” kimi qəzetlərində, həmçinin “Ulduz”, “Türk ədəbiyyatı” jurnallarında və müxtəlif almanaxlarda dərc olunaraq geniş oxucu kütləsinə çatmışdır.

Şairin babasına ithaf etdiyi “Mirzə Bəylər nəfəsiyəm” kitabı və həmin mövzuda yazdığı poemalar, o dövrün mənəvi mühitini və Mirzə Bəylərin ruhunu yaşatmağı hədəfləmişdir. “Bir qocanın söhbətindən”, “Göyçə gölü haqqında rəvayət”, “Keyti əfsanəsi”, “Vicdanın səsi”, “Miskin Abdal”, “Mirzə Bəylər”, “Karlovivaridə”, “Bir Hüseyn Arif vardı…”, “Ata əvəzinə məzar gəzmişəm”, “Göyçəyə salam dedim”, “Nağıl idi, heykəl oldu”, “Göyçə səndən kimlər keçdi” kimi poemalar isə İbrahim Köçkünün həm tarixi düşüncəsini, həm də poetik dünyagörüşünü ifadə edən əsərlərdir.

İbrahim Köçkünün doqquz kitabı – 1999-cu ildə “Göyçəsiz göyçəli necə yaşasın”, 2004-cü ildə “Sirli-sehirli dünya”, 2005-ci ildə “Göyçə, səndən kimlər keçib”, 2006-cı ildə “Mirzə Bəylər nəfəsiyəm”, 2008-ci ildə “Həkimin dünya dərdi”, 2008-ci ildə “Bir Hüseyn Arif vardı…”, 2009-cu ildə “Qalan Göyçə”, 2010-cu ildə “Mənim Göyçə taleyim”, 2015- cildə “Göyçə həsrəti” işıq üzü görmüşdür.

2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan və “Qızıl Qələm” fəxri media mükafatına layiq görülən İbrahim Köçkün, bədii yaradıcılığında vətəndaşlıq ruhunu, insan sevgisini və vətənpərvərliyini ön plana çıxarmışdır.

Şairlər ölmürlər – onların nəfəsi misralarında, düşüncələrində, ruhlarında yaşayır. İbrahim Köçkün də həmin ölməzlərdəndir.

Mənim üçün İbrahim Köçkünün poeziyası sadəcə şeir aləmi deyil – Göyçənin söz yaddaşını, mədəni kimliyini və tarixi ruhunu yaşadan əsas mənbələrdən biridir. O, ədəbiyyatımızda yalnız bir şair kimi yox, Göyçə irsinin aparıcı daşıyıcısı, bu torpağın tarixini, düşüncəsini və mənəvi yükünü gələcək nəsillərə çatdıran mühüm bir şəxsiyyətdir.
Chosen
42
1
azadmedia.az

2Sources