Bizimlə erməni əsgərlər arasında münasibətlər tez-tez çox kəskin pozulur, dava-dalaş, xəsarət almaq dərəcəsinə gəlib çıxırdı
"Report" xəbər verir ki, bunu "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin qonağı Arif Orucov deyib.
"Bir qup daşnak atamı öldürmək üçün plan cızmışdı" adlı verilişdə danışan Şəmşəddil mahalının Dilican şəhəri, Alaçıqqaya kənd sakini A.Orucov 1980-ci ildə Tbilisidə əsgərlikdə olduğu zaman ermənilərin türklərə qarşı mənfi münasibət bəslədiyini bildirib:
"Bizimlə erməni əsgərlər arasında münasibətlər tez-tez çox kəskin pozulur, dava-dalaş, xəsarət almaq dərəcəsinə gəlib çıxırdı. Hələ 1983-1984-cü illərdə mağazalarda daşın üstünə "Böyük Ermənistan" yazmışdılar. 1987-ci ildə atamla İrəvan şəhərinə gedəndə avtobusda bizi türk, azərbaycanlı olduğumuza görə Göyçə gölünün kənarında saxladılar, milis işə qarışdı".
Kənd sakini deportasiya vaxtı üzləşdikləri çətinliklərdən də söz açıb: "Bir qup daşnak, saqqallı erməni atamı öldürmək üçün məkrli plan cızmışdılar".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.