EN

Sülh, birlik və təhlükəsizlik mesajı

Qlobal Bakı Forumu: qlobal düşüncə və ideyalar mərkəzi...

Bakı artıq uzun illərdir ki, qlobal sivilizasiyaların, mədəniyyətlərin və siyasi baxışların kəsişdiyi mühüm beynəlxalq məkandır. Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan coğrafi mövqeyini müasir dövrdə siyasi, iqtisadi və humanitar dialoq platformasına çevirə bilib. Bu baxımdan Bakı bu gün regionun deyil, bütövlükdə Avrasiya məkanının əsas siyasi və mənəvi mərkəzlərindən biri kimi çıxış edir.

Azərbaycanın multikulturalizm, tolerantlıq və sülhə əsaslanan dövlət siyasəti Bakını beynəlxalq dialoq üçün ideal məkana çevirib. Müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların əsrlər boyu dinc yanaşı yaşadığı bu torpaq qlobal qarşıdurmaların artdığı bir dövrdə uzlaşma modeli təqdim edir. Rəsmi Bakının müstəqil xarici siyasət kursu isə ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirib. Məhz bu siyasi və mənəvi mühit fonunda hər il keçirilən Qlobal Bakı Forumu dünyada sülhün, təhlükəsizliyin və bəşəri dəyərlərin təşviqi baxımından mühüm missiya daşıyır. Dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər və analitiklər Bakıda bir araya gələrək qlobal gündəmin əsas məsələlərini müzakirə edirlər. Yeri gəlmişkən, XIII Qlobal Bakı Forumu cari il martın 12-14-də keçiriləcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məlumatına görə, tədbirdə 400-dən çox xarici qonağın iştirakı gözlənilir. Qeyd edək ki, XIII Qlobal Bakı Forumu da beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Beynəlxalq dialoq platforması...

Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Forumun əsası 2013-cü ildə qoyulub və qısa müddət ərzində dünya miqyasında tanınan dialoq platformasına çevrilib. İlk forumlardan etibarən Bakı platforması qlobal çağırışların açıq və səmimi müzakirə olunduğu etibarlı tribuna kimi formalaşıb. Forumun yaranmasında əsas məqsəd beynəlxalq münasibətlər sistemində artan gərginliklər, münaqişələr, etimadsızlıq və geosiyasi qarşıdurmalar fonunda dialoqu təşviq etmək idi. Bu baxımdan Qlobal Bakı Forumu “güc dili”nin deyil, “söz və anlaşma dili”nin önə çəkildiyi nadir beynəlxalq platformalardan biri kimi tanınıb.

İllər ərzində forumun mövzuları qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, multilateralizm böhranı, humanitar problemlər, regional münaqişələr, yeni dünya nizamı və beynəlxalq təşkilatların rolu kimi aktual məsələləri əhatə edib. Forumda səslənən fikirlər, irəli sürülən təşəbbüslər və çağırışlar bir çox hallarda beynəlxalq mediada və siyasi dairələrdə ciddi rezonans doğurub.

Xüsusilə postpandemiya dövründə Qlobal Bakı Forumu qlobal idarəetmədə yaranmış boşluqların, beynəlxalq hüququn zəifləməsinin və çoxtərəfli mexanizmlərin səmərəliliyinin müzakirə edildiyi əsas platformalardan biri olub. XIII Qlobal Bakı Forumu isə bu tarixi ardıcıllığın məntiqi davamı olaraq yeni qlobal reallıqlar fonunda keçirilir.

Forumun geosiyasi missiyası...

Qlobal Bakı Forumu ilk növbədə qlobal gündəmin ən ağrılı və həssas mövzularının açıq şəkildə müzakirə edilməsi ilə yadda qalır. Burada siyasi korrektlik naminə problemlərin üstündən keçilmir, əksinə, real çağırışlar real arqumentlərlə müzakirə olunur. Forumun əsas üstünlüklərindən biri də məhz bu açıq dialoq mühitidir.

Forum çərçivəsində beynəlxalq təhlükəsizlik arxitekturasının gələcəyi, regional münaqişələrin həlli yolları, enerji və ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar böhranlar əsas müzakirə mövzuları sırasında yer alır. Xüsusilə Cənubi Qafqaz, Yaxın Şərq, Şərqi Avropa və Asiya-Sakit okean regionlarında baş verən proseslər Bakı platformasında geniş təhlil olunur.

Eyni zamanda forum beynəlxalq təsisatların mövcud böhranlar fonunda rolunu və effektivliyini müzakirə edən mühüm tribuna rolunu oynayır. Qlobal Bakı Forumu yeni dünya nizamında orta güclərin və regional aktorların artan rolunu da gündəmə gətirir. Forumun yaddaqalan məqamlarından biri də Azərbaycanın beynəlxalq proseslərdə konstruktiv və məsuliyyətli aktor kimi təqdim olunmasıdır. Bakı burada təkcə ev sahibi deyil, həm də sülh, əməkdaşlıq və dialoq təşəbbüslərinin fəal müəllifi kimi çıxış edir. Bu isə Azərbaycanın artan geosiyasi çəkisini və beynəlxalq etimadını açıq şəkildə nümayiş etdirir.

Bu mənada, XIII Qlobal Bakı Forumu da müasir dünyanın mürəkkəb və çoxşaxəli çağırışları fonunda beynəlxalq dialoq üçün mühüm platforma olaraq xüsusi əhəmiyyət daşıyır. Qlobal qarşıdurmaların, siyasi qütbləşmənin və etimadsızlığın artdığı bir dövrdə Bakıdan verilən dialoq və əməkdaşlıq mesajları beynəlxalq ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edir.

Qlobal çağırışlara cavab...

Qlobal pandemiya dövründə davranışları, kolonializmdən əziyyət çəkən ölkələrə yardımları, qlobal iqlim dəyişikliyindən zərər görən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri Azərbaycanın müasir beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu, Bakının əhəmiyyətini, əməkdaşlıq üçün tam etimad edilən dövlət kimi qəbul olunduğunu göstərir. Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Azərbaycanın bütün qlobal mühit üçün alternativ enerji və nəqliyyat marşrutu kimi strateji əhəmiyyətinin artması faktaloji haldır - xüsusilə, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Zəngəzur dəhlizi kimi təşəbbüslər bu kimi məqamlarda ön plana çəkilir. Paralel olaraq təhlükəsizlik amili yeni dövrün əsas komponentlərindən biri olaraq çıxış edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri iştirakçı ölkələr tərəfindən bütün mənalarda təqdir edilir. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olmasını daha da qətiləşdirir.

Sözügedən forum bir daha sübut edir ki, Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da sülh və sabitliyin tərəfdarı olan məsuliyyətli dövlətdir. Qlobal Bakı Forumu vasitəsilə Bakı dünyaya göstərir ki, problemlərin həlli qarşıdurmada deyil, dialoqda və qarşılıqlı anlaşmadadır. Məhz bu yanaşma Qlobal Bakı Forumunu sıradan beynəlxalq tədbirdən çıxararaq qlobal düşüncə və ideyalar mərkəzinə çevirir.

P.SADAYOĞLU

Chosen
29
1
yeniazerbaycan.com

2Sources