EN

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

Zəngəzur dəhlizinin işə salınması Orta Dəhliz üzrə yükdaşımalar üçün əlavə imkanlar açacaq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Batman vilayətinə səfəri zamanı bəyan edib.

Nazir Qars–İğdır–Aralıq–Dilucu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd) dəmir yolunun tikintisinin davam etdiyini diqqətə çatdırıb. “Zəngəzur dəhlizinin bütün hissələrinin, o cümlədən Azərbaycanda və Ermənistanda yerləşən seqmentlərin açılması ilə dəhlizin buraxılış qabiliyyəti artacaq. Alternativ imkanlar Çinlə Avropa arasında yükdaşımaların səmərəliliyini yüksəldəcək”, – deyə nazir bildirib.

Nəqliyyat naziri xatırladıb ki, Bakı–Tbilisi–Qars dəmir yolu və Bosforun altından keçən “Marmaray” dəmir yolu tuneli sayəsində Asiya ilə Avropa arasında fasiləsiz əlaqə təmin olunub.

“Hazırda Orta Dəhliz üzrə yüklər dəniz nəqliyyatı ilə 35 gün əvəzinə cəmi 18 günə çatdırılır. Bəzi hallarda isə məhsulların Çindən Avropaya dəniz yolu ilə daşınması ümumilikdə 45 gün çəkir”, – deyə o, qeyd edib.

Uraloğlunun sözlərinə görə, Türkiyə və region üçün strateji əhəmiyyət daşıyan daha bir nəqliyyat-logistika layihəsi “İnkişaf yolu”dur ki, bu marşrut yüklərin İraqdan Türkiyə vasitəsilə Avropaya daşınmasına imkan verəcək.

A.Uraloğlu həmçinin bildirib ki, Batman vilayəti “İnkişaf yolu” marşrutu üzrə logistika mərkəzlərindən birinə çevriləcək.

Chosen
20
2
azerbaijan-news.az

7Sources