
Dünyanın ən məşhur turistik şəhərləri hər il milyonlarla insanı özünə cəlb edir. Yeni ölkə və şəhərlər görmək, fərqli mədəniyyətlərlə tanış olmaq və unudulmaz xatirələr toplamaq hər bir səyahətçinin əsas məqsədidir. Lakin bəzən cəmi bir neçə saniyəlik diqqətsizlik bütün səyahətin korlanmasına, planların alt-üst olmasına və xoş təəssüratların yerini narahatlıqların tutmasına gətirib çıxara bilər. Xüsusilə turist axınının sıx olduğu şəhərlərdə bu risk daha da artır.
Məhz buna görə də dünyanın bir çox məşhur turistik mərkəzlərində oğurluq və cibgirlik halları illərdir aktual problem olaraq qalır. Statistik məlumatlar göstərir ki, turistlərə qarşı törədilən oğurluqların böyük hissəsi tanınmış abidələrin ətrafında, ictimai nəqliyyatda və izdihamlı küçələrdə baş verir. Bu şəhərlər təhlükəli olmaqdan daha çox, sadəcə diqqətli davranış tələb edən məkanlardır.
Onlarla tanıdığım gəzinti həvəskarı var ki, məhz bu səbəblərdən bəzi adları cibgirlik halları ilə kütləvi şəkildə hallanan gözəl şəhərləri səyahət etməyi hər dəfə təxirə salırlar. Gəlin bu şəhərlərin siyahısına diqqət edək.
Avropada oğurluq riski yüksək olan şəhərlər
İspaniyanın ən böyük şəhərlərindən biri, Kataloniya əyalətinin mərkəzi olan Barselona uzun müddətdir Avropada cibgirlik hallarının ən çox qeydə alındığı şəhərlərdən biri, bəlkə də birincisi kimi tanınır. Şəhərin mərkəzi, xüsusilə ən məşhur piyada küçəsi olan La Rambla ətrafı, Sagrada Familia, metro stansiyaları və çimərliklər oğruların ən fəal olduğu ərazilər hesab olunur.
Paris romantik atmosferinə baxmayaraq, turistlər üçün risk faktorunun mövcud olduğu şəhərlər sırasındadır. Eyfel qülləsi, Luvr Muzeyi və metro xətləri cibgirlərin əsas fəaliyyət məkanlarıdır. Burada oğrular tez-tez imza toplamaq, kömək təklif etmək və ya süni sıxlıq yaratmaq kimi üsullardan istifadə edirlər.
Roma da turistlərin çoxluğu səbəbindən oxşar problemlə üzləşir. Tarixi abidələr ətrafında, xüsusilə Kolizey və Vatikan bölgəsində cibgirlik hallarına tez-tez rast gəlinir. Termini vağzalı isə xüsusi diqqət tələb edən ərazilərdəndir.
Amsterdamda oğurluq təkcə turist cibgirliyi ilə məhdudlaşmır. Burada velosiped oğurluğu da geniş yayılıb. Şəhərin mərkəzi və Qırmızı Fənərlər küçəsi riskli zonalar sırasındadır.
Amerika qitəsində riskli turistik şəhərlər
Rio de Janeiroda oğurluq halları bəzən açıq şəkildə baş verir. Xüsusilə motosikletlə yaxınlaşıb telefon və zinət əşyası qapma halları bu şəhər üçün xarakterikdir.
Buenos-Ayres zahirən sakit görünsə də, kafelərdə və ictimai nəqliyyatda hiss etdirilmədən həyata keçirilən oğurluqlar kifayət qədərdir.
Nyu-York ümumilikdə təhlükəsiz sayılsa da, Manhetten və Times meydanı kimi turistik zonalarda cibgirlik halları mövcuddur.
Asiyada oğurluq riski olan şəhərlər
Bangkok bazarlar və turistik məbədlər ətrafında oğurluq riskinin yüksək olduğu şəhərlərdən biridir.
Dehli isə sıxlıq və xaotik mühit səbəbindən ilk dəfə səfər edən turistlər üçün çətin şəhər hesab olunur.
İstanbul da turist cibgirliyi ilə tanınan şəhərlər sırasındadır. Sultanahmet, Kapalıçarşı və tramvay xətləri ən riskli ərazilər sayılır.
Oğruların ən çox hədəf aldığı əşyalar
Müşahidələrə görə, əsas hədəflər mobil telefonlar, pul kisələri və arxa çantalardır. Xüsusilə pasportun itirilməsi turist üçün səyahəti ciddi şəkildə çətinləşdirir.
Vacib təhlükəsizlik tövsiyələri
Əşyaları ön cibdə saxlamaq, izdihamlı yerlərdə çantanı öndə daşımaq, yad insanların diqqət yayındıran təkliflərinə ehtiyatla yanaşmaq əsas qaydalardandır.
Oğurluq halı ilə üzləşdikdə nə etməli?
Ən yaxın polis bölməsinə müraciət edilməli, rəsmi ərizə verilməlidir. Pasport oğurlandıqda səfirliklə əlaqə saxlanmalı, bank kartları dərhal bloklanmalıdır.
Telefon oğurlandıqda cihaz uzaqdan bloklanmalı və mümkün olduqda yerinin izlənməsi aktivləşdirilməlidir.
Beləliklə, sadalanan şəhərlər təhlükəli olmaqdan daha çox turist axınının çoxluğu ilə seçilir. Diqqətli davranış və əsas təhlükəsizlik qaydalarına əməl etməklə bu şəhərlərdə səyahət tam rahat ola bilər.
Həmişə gəzməkdə!
Elnur AĞAYEV