Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Audiovizual Şuranın hesabatı televiziyalarımızın real mənzərəsini göstərir. Bu datalarda televiziyaların məzmun və format baxımından nələrə üstünlük verdiyi aşkar görünür”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.
Uzun illər televiziyada məsul vəzifələrdə çalışmış, Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası, həmçinin Multimedia və elektron kommunikasiya kafedralarının professoru olan Qulu Məhərrəmli sözügedən hesabatda onu həm sevindirən, həm də kədərləndirən məqamlar olduğunu dedi:
- Məni çox məmnun edir ki informasiya və analitik proqramların xüsusi çəkisi artıqdır. Cəmiyyətin informasiyaya olan tələbatının, ən azından kəmiyyət baxımından ödənilməsi diqqəti cəlb edir. O proqramların necə, hansı kriteriyalar əsasında hazırlandığını, tamaşaçı tələbatına cavab verib-vermədiyi haqqında dəqiq nəsə demək mümkün deyil, çünki bu dərin analiz tələb edir. Başqa datalar da tələb olunur bunun üçün. Amma məzmun, mövzu baxımından informasiya, analitik proqramların, tok-şoular da bura daxildir, bu diqqəti cəlb edir. Musiqi və əyləncə proqramları da üstünlük təşkil edir və ictimai-siyasi mövzulardan sonra ikinci yeri tutur. Buna da təbii baxmaq lazımdır. Bu datalar içərisində maarifçi proqramların və sosial yönümlü proqramların nisbətən az yer tutması düşündürücüdür. Bu səpkili proqramlara, tamaşaçı səsinin eşidilməsinə, qayğı və problemlərinin ekranda göstərilməsinə bu gün böyük ehtiyac var və televiziyalar fəaliyyətlərində buna diqqət yetirməlidir.
Ən acınacaqlı və təəsüf doğuran hal uşaq proqramlarının çox az olmasıdır (1,10 faiz), deyən Q.Məhərrəmli qeyd etdi ki, bunun üzərində mütləq düşünmək lazımdır:
- Yaxşı olar ki, gələcəkdə bu cür monitorinqlər aparıldıqda büdcədən maliyyələşən televiziyalarla özəl televiziyaların monitorinqi ayrıca aparılsın. Məzmun, janr və format baxımından. Bəlli səbəbdən özəl televiziyalar əyləncəyə daha çox meyllidir. Büdcədən maliyyələşən televiziyalarda isə maarifçi proqramlar var, gənclər üçün proqramlar var. Və bunlar ümumi televiziya mənzərənin yaradılmasında müəyyən rol oyanayırlar. Bu datalar düşünmək və televiziyaların strategiyasını duymaq, qiymətləndirmək baxımından əhəmiyyətlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.