EN

Vaşinqtonda güclü qar fırtınası səbəbindən hava limanı bağlanıb

Tarixə düşən “Fern” qasırğası paytaxtın nəqliyyat və ictimai infrastrukturlarını iflic edib...

Poliqon xəbər verir ki, Vaşinqtonda yağan intensiv qar və buzlu hava şəraiti səbəbindən Ronald Reyqan adına Milli Hava Limanı uçuşları tamamilə dayandırıb. Hava limanının yaydığı rəsmi açıqlamada bildirilib ki, uçuş-enmə zolaqlarının təhlükəsizliyi təmin olunana qədər bütün reyslər ləğv edilib və sərnişinlərə alternativ tarixlər təklif olunur.

“The New York Times” nəşrinin Smitson İnstitutuna istinadən yazdığına görə, paytaxtda yerləşən bütün dövlət muzeyləri və Milli Zoopark 25 və 26 yanvar tarixlərində ziyarətçilər üçün bağlanıb. Qərarın əsas səbəbi yolların buz bağlaması, ictimai nəqliyyatın fəaliyyətində yaranan ciddi problemlər və insanların təhlükəsizliyinin təmin olunmasıdır.

ABŞ ərazisini bürüyən və son 100 ilin ən güclü hava hadisələrindən biri kimi qiymətləndirilən “Fern” adlı buzlu qasırğa ölkə üzrə genişmiqyaslı fəsadlara yol açıb. Rəsmi məlumatlara əsasən, fırtınanın təsirləri 200 milyondan çox sakini əhatə edib. Onlarla şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, 22 ştatda fövqəladə vəziyyət rejimi elan olunub, 10 mindən artıq aviareys ləğv edilib.

ABŞ prezidenti Donald Tramp fövqəladə xidmətlərin “Fern” qasırğasına qarşı tam hazır vəziyyətdə olduğunu bildirib və əhaliyə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib. Mütəxəssislərin məlumatına görə, bəzi bölgələrdə qarın qalınlığı 30 santimetrə çatsa da, bu hava hadisəsi əsasən infrastrukturda yaratdığı genişmiqyaslı pozuntulara görə “tarixi” adlandırılır.

Fırtına fonunda ölkə üzrə mağazalarda ərzaq və gündəlik tələbat mallarına tələbat kəskin artıb. Amerikalılar əsasən batareyalar, uzunömürlü qida məhsulları, konservlər və gigiyena vasitələri ehtiyatı görməyə başlayıblar. Sinoptiklərin proqnozuna əsasən, qar, çovğun və buzlu yağışlar ayın sonunadək davam edə bilər və bu da vəziyyətin daha da ağırlaşacağı ehtimalını artırır.

Poliqon.info

Chosen
35
poliqon.info

1Sources