Yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Faciə baş verən ailənin yaxınlarının sayta verdikləri məlumata görə, hadisə 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda baş verib. Ağayev Emil Xanlar oğlu anası - 67 yaşlı Ağayeva Həyat Nəzər qızını bıçaqla boğazından xəsarət yetirərək amansızlıqla öldürüb. Məlumatda qeyd olunur ki, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olduğuna görə ailə tərəfindən bir müddət narkotik asılılığına görə aidiyyəti dispanserdə müalicə etdirilib. Mərhumun əzizləri qeyd edirlər ki, Emin Ağayev hadisəni törətməmişdən əvvəl həyat yoldaşı ilə birgə gecə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib. 