Ağ Ev Konqresdən sığınacaq şəhərlərə qarşı qanunun qəbulunu tələb edir…
ABŞ prezidenti Donald Tramp Konqresi qeyri-leqal miqrantlar üçün yaradılan “sığınacaq şəhərlərin” mövcudluğuna qarşı qanun qəbul etməyə çağırıb.
Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, Tramp hesab edir ki, belə şəhərlər federal immiqrasiya qanunlarını faktiki olaraq zəiflədir və ictimai təhlükəsizlik üçün risk yaradır.
Ağ Evin sözçüsü bildirib ki, “Amerika şəhərləri yalnız qanuna tabe olan vətəndaşlar üçün təhlükəsiz sığınacaq olmalıdır, ölkənin qanunlarını pozmuş, burada yeri olmayan təhlükəli qeyri-leqal əcnəbi cinayətkarlar üçün yox”. Administrasiya bu mövqeni ABŞ-nin daxili təhlükəsizliyinin gücləndirilməsi strategiyasının bir hissəsi kimi təqdim edir.
Bundan əvvəl Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək Konqresin iri şəhərlərin hakimiyyət orqanlarına qeyri-leqal miqrantlar üçün əlverişli şərait yaratmağı qadağan edən qanun qəbul etməsinin vacibliyini vurğulayıb. O, belə şəhərlərin federal hakimiyyətin immiqrasiya siyasətinə açıq şəkildə qarşı çıxdığını bildirib.
Məsələnin aktuallığı ABŞ-də son hadisələr fonunda daha da artıb. Yanvarın 24-də ABŞ-nin immiqrasiya xidməti əməkdaşı Minneapolis şəhərində qeyri-leqal miqrantlara qarşı aparılan əməliyyat zamanı keçirilən etiraz aksiyaları zamanı bir kişini güllələyib. Media məlumatlarına görə, yaralanan şəxs tibb işçisi olub və təhlükəsizlik qüvvələrinin yerə itələdiyi etirazçı qadına kömək etməyə çalışıb. Federal hakimiyyət isə onun silahlı olduğunu və agentlərə hücum etməyi planlaşdırdığını iddia edir.
Qeyd olunur ki, bu, Minneapolisdə ilk belə insident deyil. Bir neçə həftə əvvəl immiqrasiya xidməti əməkdaşları 37 yaşlı bir qadını da güllələmişdilər. Bu hadisələrdən sonra şəhərdə etiraz aksiyaları yenidən güclənib və yaranmış siyasi gərginlik fonunda ABŞ hökumətini büdcə böhranı və mümkün “şatdaun” təhlükəsi də gözləyir.
Poliqon.info