EN

Ermənistanın Azərbaycan enerji sisteminə qoşulmasının üstünlükləri və risk ehtimalları – RƏY

Ermənistanın Azərbaycan enerji sisteminə qoşulması bir sıra risk və üstünlüklər vəd edir. Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycanın enerji sistemləri tam şəkildə inteqrasiya olunacaq. Onun fikrincə, tərəflər həm ixrac, həm də idxal resurslarından bərabər şərtlərlə istifadə etmək imkanı əldə edəcəklər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalib Səmədovun sözlərinə görə, Ermənistanın Azərbaycanın enerji sisteminə qoşulması tam siyasi normallaşma, sülh sazişinin imzalanması, müəyyən zəmanətlərin yaranması halında mümkün ola bilər:

 

“Bunun üstünlükləri və riskləri mövcuddur. Üstünlüklərdən biri odur ki, Cənubi Qafqazda vahid enerji mərkəzi yarana bilər və Azərbaycan burada enerji habı rolunu oynaya bilər. Bu, Azərbaycanın ixrac potensialını artırır. İlk növbədə külək və günəş enerjisinin Ermənistana satmaq imkanı yarada bilər. Su ehtiyatlarından daha səmərəli istifadə etmək imkanı yarada bilər. Tərəflərin qarşılıqlı asıllığı regionda sabitliyi, əməkdaşlığı möhkəmləndirə bilər. Pik saatlarda Azərbaycan Rusiya ilə enerji mübadiləsi edir. Burada Ermənistanla bunu etmək mümkündür. Bu addımlar qonşu ölkələr, Rusiya və İran tərəfindən yaxşı qarşılanmaya bilər. Üstəlik Rusiyanın Ermənistanın enerji sistemində böyük rolu var və bəzi obyektlər Rusiyanın mülkiyyətindədir. Eyni zamanda Ermənistanın İranla da enerji mubadiləsi mövcuddur. Ola bilsin, İran da bu məsələyə isti yanaşmasın. Təxribat ehtimalları ola bilər. Daim bu hallarla üzləşmişik, sərhəddə təxribatlar demək olar ki, əvvəllər fasiləsiz olurdu. Burada da təxribat imkanları ola bilər. Digər problemlərin də yaranması mümkündür. Bütün hallarda Ermənistanın Azərbaycanın enerji sisteminə qoşulması həm iki ölkə üçün, həm də bütövlükdə Cənubi Qafqaz üçün çox mühüm hadisə olar. Bölgədə müsbət rol oynaya bilər. Bunun üçün müəyyən addımların atılmasına, Ermənistanda parlament seçkilərində hazırda olan hakimiyyətin qələbə qazanmasına ehtiyac var ki, proseslər bundan sonra da davam etdirilə bilsin”.

 

İqtisadçı Eyyub Kərimli bildirib ki, bu addımın reallaşması regionda enerji təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərəcək, eyni zamanda Azərbaycanın enerji ixrac potensialının genişlənməsinə dəstək verəcək:

 

“Bu iki ölkə arasında enerji sahəsində iqtisadi əlaqələrin daha da sıxlaşmasına səbəb olacaq. Bu isə öz növbəsində ölkəmizə qeyri-neft sektorunun inkişafı üçün əlavə gəlirlər əldə etməyə imkan yaradacaq. Digər tərəfdən, prosesin siyasi-iqtisadi təsiri ondan ibarət olacaq ki, Ermənistan Azərbaycan enerjisindən asılı vəziyyətə düşəcək. Bu da regionda formalaşan sülhün daha dayanıqlı olmasına təsir göstərəcək. Bu proses Ermənistan üçün də iqtisadi dividendlər yaradacaq, ölkə Rusiyanın enerji asılılığından qismən xilas olacaq və ucuz enerjidən faydalanaraq iqtisadi inkişafını sürətləndirəcək. Bu hadisə regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə və sülh prosesinin möhkəmlənməsinə müsbət təsir göstərəcək”.

 

İqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli qeyd edib ki, gələcəkdə Ermənistan vasitəsilə digər ölkələrə məhsul ixrac etmək imkanımız yaranacaq:

 

“Məqsəd ondan ibarətdir ki, iqtisadiyyatımızı bu istiqamətə yönəldək. Risk isə ondan ibarətdir ki, uzun müddət düşmənçilik münasibətləri olan ölkəni enerji ilə təmin etmiş olarıq. Lakin hesab edirəm ki, üstün cəhətlər daha çoxdur. Zəngəzur dəhlizi gələcəkdə Laçın istiqaməti, eləcə də Qazax və digər bölgələrdən Ermənistan ərazisi vasitəsilə həm Ərəb, həm Avropa ölkələrinə, həmçinin Türkiyəyə ixrac imkanları yaradacaq. Ümumilikdə, üstün cəhətlər risklərdən daha çoxdur”.

 

Şəhanə Quliyeva

Tarix: 27 Yanvar 2026, 08:48   
Chosen
8
pravda.az

1Sources