EN

Piylənmə yalnız bədənə yox, beyinə də zərər vurur

Yeni elmi araşdırma piylənmə və yüksək qan təzyiqinin demensiyanın (ağıl zəifliyi) yaranmasında birbaşa rol oynaya biləcəyini ortaya qoyub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu amillər yalnız xəstəliyin riskini artırmır, eyni zamanda demensiyanın əsas səbəblərindən biri kimi çıxış edə bilər.

Danimarka və Böyük Britaniyada aparılan genişmiqyaslı genetik tədqiqat çərçivəsində minlərlə insanın sağlamlıq məlumatları təhlil edilib. Araşdırmanın nəticələri göstərib ki, artıq bədən çəkisi uzunmüddətli dövrdə beyin sağlamlığına mənfi təsir göstərir. Xüsusilə piylənmənin yüksək qan təzyiqi ilə birlikdə müşahidə olunması demensiya riskini daha da artırır.

Tədqiqatçılar bildiriblər ki, demensiya hallarının böyük bir hissəsi beyində yaranan damar zədələnmələri ilə əlaqəlidir. Bu zədələnmələr beyin qan dövranını pozur və nəticədə yaddaş, düşünmə və idrak funksiyalarının zəifləməsinə səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, bədən çəkisinə və qan təzyiqinə erkən yaşlardan nəzarət etmək demensiyanın qarşısının alınmasında mühüm rol oynaya bilər. Araşdırma bir daha göstərir ki, sağlam həyat tərzi yalnız ürək-damar xəstəliklərinin deyil, eyni zamanda beyin xəstəliklərinin profilaktikasında da əsas faktorlardandır.

Qeyd edək ki, demensiya hazırda qlobal ictimai səhiyyə üçün ciddi problem hesab olunur və bu xəstəliyin tam müalicə üsulu mövcud deyil. Demensiyadan əziyyət çəkən şəxslərdə yaddaşın zəifləməsi, düşünmə və qərarvermə qabiliyyətinin pozulması müşahidə olunur ki, bu da onların gündəlik həyatına ciddi təsir göstərir.

Zeynəb Tehranlı

Chosen
53
azedu.az

1Sources