EN

Müqəddəslik zirvəsindən boylanmaq xoşbəxtliyi...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

26 yaşı tamam olan ölümsüzlüyə qovuşan qəhrəman

Tariximizin unudulmaz səhifəsinə çevrilən 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın əzəli yurd yerləri uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Tərlan Mehman oğlu Quliyev ömrünün 21 ilinə qədəm qoyurdu. Astra rayonunun Ərçivan kəndində dünyaya göz açan bu od baxışlı, dağ vüqarlı igid uşaqlıqdan müdriklər beşiyi, dahilər diyarı doğma Azərbaycana məhəbbət ruhunda böyüyür. Artıq yetkinlik yaşına çatanda ürəyinin başında özünə yer edən Vətən sevgisi ona hər şeydən üstün görünür. Elə ikinci Qarabağ müharibəsində həyatının ən şirin anlarında sinəsini düşmən gülləsinə sipər etməyə bu ilahi sevgi onu sövq edir. Necə deyərlər, şəhid olur ki, yaşasın Vətən. Doğrudur, ürəyində hələ açılmamış neçə-neçə qönçə arzusu vardı Tərlanın. Bunların ən müqəddəsi isə Vətənini azad, xalqını xoşbəxt görmək idi...

Bəli, Tərlanın ilk aldığı tərbiyə igidlikdən, halallıqda, qədir-qiymətdən olur. 18 yaşına çatanda xeyirxah əməlləri ilə el-obanın hörmətini qazanır. Yurdunun qolu güclü, ürəyi geniş, təmiz dilək soraqlı igidlərdən olur Tərlan. 2018-ci ildə həqiqi hərbi xidmətə Vətəninə etibarlı, sədaqətli oğul kimi yola düşür. Dövləti- varı torpağında, daşında görən, adına can dediyi Azərbaycan qarşısında öz övladlıq borcunu ləyaqətlə yerinə yetirir. Ürəyi hər an Vətən üçün döyünür, onu göz-bəbəyindən də artıq qoruyur. Hərbi təlimlərdə fəallığı, nizam-intizamı, etibarı, etiqadı həmişə Tərlanı zabitlər, əsgərlərin yanında başıuca edir. Ağrı-acısı təkcə erməni dığaların işğal etdiyi Qarabağ torpaqları olur. Onlara mübarizə meydanında qan qusdurmağı özünə borc bilir.

İgid əsgər 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ savaşı başlayanda Vətənin qəhrəman oğulları cərgəsində odlu-alovlu səngərdə yerini alır. Müharibənin ilk günlərdə bir sıra döyüşlərdə sözün əsl mənasında sinəsini yanar od edib düşmənin bağrını çatladır. Həm də onlarla yaralı əsgər və zabiti döyüş bölgəsindən çıxardır. Füzulini, Cəbrayılını azad etdikdən sonra düşmən gülləsinə tuş gəlir. Vətən, torpaq yolunda canından keçməklə əbədiyyət adlı dünyasına qovuşur.

Vətənin qalib şəhidi kimi doğma kəndinə qayıdan Tərlan Quliyev burada torpağa tapşırılır. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülür.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
sesqazeti.az

1Sources