EN

Azərbaycandan göndərilən yanacağın pulunu Ermənistan necə ödəyir?

“Azərbaycan və Ermənistan arasında diplomatik əlaqələr və müstəqillik dövründə iqtisadi münasibətlər olmadığına görə, iki ölkə qurumlarının pul mübadiləsi yoxdur. Ancaq ödəşmə üçün göndərilən məhsulu Ermənistanda qəbul edən şirkət və Azərbaycandan satan şirkət məlumdur”.

Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

Onun fikrincə, Ermənistana göndərilən yanacağın müqabilində ödəniləcək məbləğin bir neçə üsulla təmin edilməsi mümkündür:

“Azərbaycan tərəfindən yanacaq satışını həyata keçirən şirkət SOCAR-dır. Göndərilən yanacaq Gürcüstan ərazisindən keçir və bu ölkədə SOCAR-ın böyük bir biznesi var. Bu, “SOCAR Georgia Petrolium”dur.

Ola bilər ki, göndərilən yanacağın qarşılığında ödənilməli olan vəsait məhz bu şirkətə köçürülür. Yaxud həmin alqı-satqı əməliyyatı hansısa beynəlxalq vasitəçi həyata keçirir. Bankda akkreditiv açılır və alıcı pulun bir hissəsini köçürür. Yanacaq sərhədi keçib Ermənistanın anbarına daxil olduqdan sonra isə ödənişin digər hissələri tamamlanır. İndiyə qədər heç bir ticarət əlaqəsi olmayan hansısa 2 dövlət arasında iqtisadi əməkdaşlıq məhz bu qaydada həyata keçirilir”.

Ekspert vurğulayıb ki, ticarət əlaqələri zamanı tranzit haqqını yükləri göndərən tərəf qarşılayır:

“Məhsulun satışı ilə bağlı tranzit haqqını göndərən tərəf ödəyir. Bu baxımdan, Rusiya və Qazaxıstan Ermənistana göndərikləri taxıl və yanacaq məhsulları ilə bağlı tranzit haqqını ödəyirlər. Mən bildiyim qədəri ilə, MDB ölkələri arasında hər hansı əlahiddə iqtisadi yaxud ticarət müqaviləsi yoxdur. Belə bir güzəşt ancaq Dünya Gömrük Təşkilatının üzvləri olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus arasında mövcuddur”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan Ermənistana 788.800 dollar dəyərində yanacaq ixrac edib. Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1220 ton Aİ-95 mühərrik yanacağı göndərilib.

Chosen
18
1
turkustan.az

2Sources