EN

Naxçıvanda icbari tibbi sığorta üzrə yeni struktur yaradıldı » AzadMedia.az


İcbari tibbi sığortanın ölkə üzrə vahid mexanizm əsasında tətbiqinin gücləndirilməsi istiqamətində növbəti institusional addım atılıb. Bu çərçivədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan Muxtar Respublikasında ayrıca filialı fəaliyyətə başlayıb.
Məlumatı Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında açıqlayıb.
Yeni filialın yaradılması Naxçıvanda icbari tibbi sığorta sisteminin daha səmərəli və davamlı şəkildə tətbiqinə xidmət edir. Strukturun əsas məqsədləri əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artırmaq, səhiyyə xidmətlərinin maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirmək və Agentliklə tibb müəssisələri arasında əlaqələndirməni gücləndirməkdir.
Filial icbari tibbi sığorta haqlarının toplanması, Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə nəzarət mexanizmlərinin icrası, eləcə də bu sahədə şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda, əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsi, ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət, tibbi statistika və ekspertiza işlərinin təşkili də filialın fəaliyyət istiqamətlərinə daxildir.
Bununla yanaşı, regionda icbari tibbi sığorta sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, informasiya texnologiyaları infrastrukturunun inkişafı və elektron xidmətlərin tətbiqinə dəstək göstərilməsi də prioritetlər sırasında yer alır.
Qeyd olunub ki, filial Agentliyin ümumi idarəetmə sistemi çərçivəsində və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərəcək.
Chosen
39
1
azadmedia.az

2Sources