Yeni Dehlidə Avropa İttifaqı (Aİ) ilə Hindistan arasında ticarət sazişi imzalanıb.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.
Qeyd edilib ki, Aİ-nin nümayəndə heyəti Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula von der Leyen rəhbərliyi ilə Yeni Dehliyə səfər edərək Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli sammit çərçivəsində görüşüb.
Aİ və Hindistan 20 il davam edən danışıqlardan sonra sərbəst ticarət sazişi üzrə razılığa gəlib.
Ursula von der Leyen razılaşmanı yüksək qiymətləndirib: “İki milyard insanı əhatə edən sərbəst ticarət zonası yaradırıq və hər iki tərəf bundan faydalanacaq”, - o qeyd edib.
Hindistanın Baş naziri Narendra Modi isə sazişi “tarixin ən böyük ticarət müqaviləsi” adlandırıb.
Sözügedən razılaşmaya əsasən, Hindistan Avropa meyvə şirələri, emal olunmuş qida məhsulları, zeytun yağı, marqarin və digər bitki yağları üzərində gömrük rüsumlarını ləğv edəcək. Beləliklə Aİ-nin kənd təsərrüfatı məhsullarının idxalı üçün böyük bazar açılacaq. Bundan əlavə, hazırda 150%-ə qədər olan Avropa sərt içkilərinə tətbiq olunan rüsumlar 40%-ə endiriləcək.
Avropa İttifaqı isə ekoloji əməkdaşlıq öhdəliyi götürüb və Hindistana istixana qazı emissiyalarının azaldılmasına və sənaye transformasiyasına dəstək üçün 500 milyon avro ayıracaq.
Bundan əlavə, Aİ və Hindistan təhlükəsizlik və müdafiə müqaviləsi də imzalayıb.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin Hindistanın Avropa müdafiə təşəbbüslərində iştirakını araşdıracağını bildirib:
“Bu gün yeni Aİ-Hindistan Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı imzalamaq böyük məmnuniyyət idi. Pakt illik təhlükəsizlik və müdafiə dialoquna başlayır. İlk görüş bir aydan sonra keçiriləcək və dəniz təhlükəsizliyi, kiber məsələlər və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirir. Eyni zamanda, Hindistanın Avropa müdafiə təşəbbüslərində iştirakını araşdıracağıq”.