EN

Alimlər hormonal saç tökülməsinə qarşı təbii vasitə tapıblar

Koreya jenshenindən əldə edilən ginsenozid Rf birləşməsi saçları hormonal saç tökülməsindən qorumaq qabiliyyətini göstərib. Bu qənaətə Sejong Universitetinin alimləri gəliblər. Oxuməni.az xəbər verir ki,tədqiqatın nəticələri "Industrial Crops and Products" (ICP) jurnalında dərc olunub.

Androgenetik alopesiya (ən yaygın saç tökülməsi forması) modelinə malik siçanlar üzərində aparılan eksperimentlərdə ginsenozid Rf-in qəbulu, hətta saç dövrü yatırılmış olsa belə, saçların böyüməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Heyvanlarda saç follikullarının sayı, onların ölçüsü artıb, saçlar isə daha qalın olub. Toxuma analizi saç köklərinin normal quruluşunun və fəaliyyətinin bərpa olunduğunu göstərib.

Tədqiqatçılar həmçinin maddənin təsir mexanizmini də müəyyən ediblər. Ginsenozid Rf androgen reseptorlarının - kişilərin hormonlarının saçların nazikləşməsi və tökülməsi prosesini başlatdığı zülalların - fəaliyyətini azaldır. Birləşmə bu reseptorların hüceyrədaxili dağılmasını sürətləndirir, bununla da alopesiyaya səbəb olan hormonal siqnalları zəiflədir. Belə bir mexanizm daha əvvəl saç tökülməsi tədqiqatlarında təsvir edilməmişdi.

Müəlliflər qeyd edirlər ki, nəticələr preklinik modeldə əldə edilib və hələlik insanlarla aparılan tədqiqatlarda təsdiqlənməyib. Bununla belə, iş ginsenozid Rf-in saç tökülməsinin profilaktikası üçün təbii vasitələrin və saç dərisinin sağlamlığını qoruyan məhsulların yaradılması üçün perspektivli bir baza olduğunu göstərir.

Almaz Həsənli

Chosen
42
oxumeni.az

1Sources