EN

Rus qazının əvəzləyicisi kim olacaq? - “Avropaya ixracı artırmaq imkanı məhduddur”

“Azərbaycanın qaz ixracını 2029-2030-cu ilə qədər indiki həcmdən daha çox artırmaq imkanları məhduddur. Hazırda işlənən layihələr 3-4 ildən sonra işə düşəcək”.

Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası 2027-ci ildən etibarən tədarük ediləcək qazın mənşəyini ciddi şəkildə araşdıracaq:

“2024-2025-ci ildə qazın hasilatında və ixracında stabil nöqtəyə gəlib çatmışıq. Artıq 2 ildir ixracın həcmi 25.2 milyard kubmetrdir. Digər tərəfdən, Avropa Komissiyasının qətnaməsində yazılıb ki, Avropa İttifaqına 2027-ci ildən etibarən idxal olunan qazın mənşəyi araşdırılmalıdır. Yəni tədarük olunan qaz Rusiya qazı olarsa, onu qəbul etməyəcəklər.

Həmin qətnaməyə əsasən, Rusiyadan Azərbaycanın öz daxili bazarı üçün qaz idxalı və əvəzində SOCAR-ın istehsal etdiyi qazın həcminin artırılmasına imkan verə bilər, yaxud bilməz, bu araşdırma mövzusudur.

Çox güman ki, bunu mart ayının ortasında biləcəyik. Çünki Avropa Komissiyası bütün ölkələrə, şirkətlərə tapşırıb ki, növbəti 2 il ərzində Rusiya qazına alternativ mənbələr tapsınlar”.

Ekspert qeyd edib ki, Avropa üçün alternativ idxal mənbəyi məhz Afrikadır:

“Qitə olaraq, Avropanın ən böyük qaz idxalçısı ABŞ və Norveçdir. Bu belə də qalacaq. Alternativ olaraq, maye qazın Afrikadan idxalı baş tuta bilər. Son illər Mozambikdəki qaz yataqlarına xeyli investisiya yatırılır.

Təbii ki, hasil ediləcək qaz üçün ən əlverişli bazar Avropa olacaq. Rusiyanın isə planında yoxdur ki, Avropaya tədarük etdiyi qaz həcmlərini hansısa bazarda satsın. Moskva maksimum 2035-ci ilədək Çin bazarında qaz ixracını 100 milyard kubmetrə qədər artırmağı planlaşdırır”.

Qeyd edək ki, Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən etibarən Aİ-yə Rusiya mayeləşdirilmiş təbii qazının, 2027-ci il sentyabrın 30-dan isə boru kəməri qazının tədarükünə tam qadağa qoyub. 

Xatırladaq ki, Azərbaycan 2025-ci il ərzində Avropaya təqribən 13 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ölkənin ümumi qaz ixracının yarısından çoxunu təşkil edir.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
19
yenisabah.az

1Sources