EN

“Azərbaycan–İsrail münasibətləri strateji iqtisadi tərəfdaşlıq mərhələsinə keçir” -ŞƏRH EDİLDİ

"Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumu iki ölkə arasında münasibətlərin artıq klassik diplomatik çərçivədən çıxaraq strateji iqtisadi tərəfdaşlıq mərhələsinə keçdiyini göstərir. Bu proses qarşılıqlı etimad üzərində qurulan əlaqələrin daha da institusionallaşdığını nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq təkcə ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmır, eyni zamanda yüksək texnologiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı və kibertəhlükəsizlik kimi strateji sahələri əhatə edir: "Bu da münasibətlərin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını təsdiqləyir. Xüsusilə Bakıda keçirilən biznes forumda 100-dən çox şirkətin iştirakı özəl sektorun bu tərəfdaşlığa artan marağının bariz göstəricisidir. Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və İsrail prezidentləri arasında keçirilən görüşdən sonra baş tutan bu yüksək səviyyəli iqtisadi təmaslar təsadüfi deyil. Bu, iki ölkə arasında siyasi dialoqla iqtisadi gündəliyin paralel şəkildə inkişaf etdiyini və bir-birini tamamladığını göstərir. Belə bir yanaşma ikitərəfli münasibətlərin möhkəmlənməsində əsas amillərdən biridir. Azərbaycanın cəlbedici investisiya mühiti, Ələt Azad İqtisadi Zonası və Xəzər regionunda strateji mövqeyi İsrail biznes dairələri üçün xüsusi maraq doğurur. Bu faktorlar birgə investisiya layihələrinin sayının artmasına və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə real zəmin yaradır. Azərbaycan–İsrail biznes forumu və aparılan müzakirələr göstərir ki, tərəflər iqtisadi əməkdaşlığı yeni mərhələyə daşımaqda qərarlıdırlar. Bu əməkdaşlıq yalnız iqtisadi fayda ilə məhdudlaşmır, eyni zamanda regional sabitliyə, texnoloji inkişafa və qarşılıqlı strateji maraqların təmin olunmasına xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
40
sia.az

1Sources