EN

Braziliya və Fransa prezidentləri Sülh Şurasının yaradılmasını müzakirə ediblər

Makron və Lula da Silva bildiriblər: Sülh Şurasının fəaliyyəti BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olmalıdır…

Poliqon xəbər verir ki, Braziliya prezidenti Luis İnasio Lula da Silva və Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması təklif olunan Sülh Şurası, eləcə də bu strukturun gələcək fəaliyyəti ilə bağlı mövqelərini açıqlayıblar. Tərəflər vurğulayıblar ki, sözügedən təşəbbüs və onun çərçivəsində atılacaq addımlar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara tam uyğun gəlməlidir. Bu barədə TASS Agentliyi Braziliya liderinin mətbuat xidmətinin yaydığı açıqlamaya istinadla məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, prezidentlər ABŞ-nin Sülh Şurasının yaradılması ilə bağlı təklifini müzakirə ediblər, Birləşmiş Millətlər Təşkilatının rolunun gücləndirilməsinin vacibliyini vurğulayıblar və sülh və təhlükəsizlik sahəsində irəli sürülən bütün təşəbbüslərin BMT Təhlükəsizlik Şurasının qərarlarına, eləcə də BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun olmalı olduğu barədə ortaq mövqeyə gəliblər.

Xatırladaq ki, Donald Tramp yanvarın 16-da Qəzza ilə bağlı “Sülh Şurası”nın formalaşdırıldığını elan edib və bu qurumda iştirak üçün 50-dən çox ölkəni, o cümlədən Rusiyanı dəvət edib. Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Qəzza üzrə Sülh Şurasına qoşulmaqdan imtina edib. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Moskva bu qurumda iştirakla bağlı qərarı bütün sənədlər öyrənildikdən sonra verəcək. Eyni zamanda Rusiya lideri dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların Sülh Şurasının fəaliyyətinə yönəldilə biləcəyini də açıqlayıb.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources