Koreya Xalq Demokratik Respublikasının (KXDR) yenilənmiş iriçaplı reaktiv yaylım atəşi sistemi üzrə sınaq keçirib.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"KXDR-in Raketqayırma Baş İdarəsi yanvarın 27-də yeni texnologiyanın tətbiq olunduğu yenilənmiş iriçaplı reaktiv yaylım atəşi sisteminin səmərəliliyini yoxlamaq üçün sınaq atışı həyata keçirib", – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, buraxılan dörd reaktiv mərmi 358,5 km məsafədəki dəniz hədəflərinə güclü zərbə endirib. Sınağın gedişini Şimali Koreya lideri Kim Çen İn izləyib.
"Bugünkü sınaq strateji çəkindirmə imkanlarının səmərəliliyinin artırılmasında çox mühüm əhəmiyyətə malikdir", – agentlik KXDR liderinin sözlərini sitat gətirib.
Kim Çen İn həmçinin bildirib ki, Koreya Əmək Partiyasının qarşıdakı IX qurultayında "nüvə müharibəsi çəkindirmə qüvvələrinin daha da gücləndirilməsinin növbəti mərhələsinə dair planlar" müəyyən ediləcək.