EN

Dünya Bankı Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə görülən işlərə investisiya qoymaq istəyir

Orta dəhliz dünyanın ticarət marşrutları arasında sürətlə önə çıxmağa başlayıb.  Səbəb məlumdur - dəhliz həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından yükgöndərən və yükqəbuledən tərəflər üçün əlverişlidir.  Buna görə dəhliz üzərindən daşınan yüklərin həcmi sürətlə artır.

Bu isə dünyanın nüfuzlu maliyyə qurumlarının diqqətini cəlb edir. Orta dəhlizin hər bir seqmentinə yatırılan sərmayə heç bir risk daşımadığından maliyyəçilər belə fürsəti əldən qaçırmaq istəmirlər. Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormyenin başçılıq etdiyi nümayəndə heyətinin yolunu "Azərbaycan Dəmir Yolları" QSC-dən salması da bununla bağlıdır.

Dəmiryolçularla maliyyəçilərin görüşündə əməkdaşlığın mövcud vəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub, DB-nin Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı, həyata keçirilən işlərə texniki dəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsi aparılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, son dövr Orta dəhlizlə konteyner daşımalarının həcmi artıb, 2025-ci ildə Çin-Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. Xatırlanıb ki, ötən il 392 blok-qatar qəbul edilib və bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 37 faiz çoxdur. Bu nəticələrin əldə olunmasına ADY-nin gördüyü işlər, o cümlədən Çinin "China Railway Container Transport Corp. Ltd." (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta dəhlizin inkişafı üçün yaradılmış "Middle Corridor Multimodal Ltd" birgə müəssisəsinə cəlb edilməsi prosesə müsbət təsir göstərib. Sədr həmçinin bildirib ki, ötən il beynəlxalq daşımaların səmərəliliyinin artırılmasında Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası mühüm rol oynayıb. 2025-ci ildə Bakı limanında rekord həcmdə - 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.

DB-nin regional direktoru Çarlz Kormye bankın ADY ilə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərdiyini vurğulayıb, ADY tərəfindən Orta dəhlizin inkişafı üzrə görülən işlərin gələcək tərəfdaşlıq baxımından yeni imkanlar açdığını qeyd edib. Nəzərə çatdırılıb ki, ötən il ADY vasitəsilə "Şərq-Qərb" dəhlizi ilə daşınmış tranzit yüklərin həcmi 3,7 milyon ton olub ki, bu da əvvəlki illə müqayisədə 12 faiz çoxdur. 

Məlum olduğu kimi, Gürcüstan Orta dəhlizdə ölkəmizin mühüm tərəfdaşıdır. Qonşu ölkə bu marşrutla daha çox yükün daşınmasına hər cür dəstək verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirdə çıxışı zamanı demişdir: "Şərq-Qərb avtomagistralı, Bakı-Tbilisi-Qars dəmir yolu, Tbilisi Quru Limanı, Anakliya dərin dəniz limanı layihəsi Gürcüstanın Orta dəhlizdəki rolunu gücləndirir".

Baş nazir Gürcüstanın geosiyasi mövqeyinin ölkəni Avropa və Asiyanın kəsişməsində təbii darvazaya çevirdiyini vurğulayaraq bildirmişdir: "Gürcüstan dənizə çıxışı olmayan 7 ölkə üçün etibarlı bazaya çevrilib. Ölkəmiz həmin ölkələrin qlobal ticarət yollarına çıxışını təmin edir. Məqsədimiz Gürcüstanı vətəndaşlarımıza və tərəfdaşlarımıza rifah gətirəcək çoxfunksiyalı regional mərkəzə çevirməkdir. Bu strategiya genişmiqyaslı infrastruktur layihələrinə əsaslanır".

Rüstəm KAMAL,

"Azərbaycan"

1Sources