Hər yerdə olduğu kimi, bizim Qubada da hər il onlarca tədbir keçirilir və çoxumuz həmin tədbirlərdə iştirak edirik. Bu zaman iştirakçılarla görüşlərimiz, söhbətlərimiz çox olur. Hamının fikri belədir ki, şəhidlərimizə həsr edilən tədbirlər yüksək təşkilatçılığı ilə seçilməlidir.
Bu günlər rayon icra hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə şəhid Nuran Mirzəyevin keçdiyi həyat və döyüş yoluna həsr edilmiş "Vətən üçün şəhid oldum" kitabının təqdimatı baş tutdu. Şıxəmməd Seyidməmmədovun müəllifi olduğu kitabda şəhid Nuranın ömür yolu, Vətən sevgisi ilə döyüşlərə atılması, düşmənə qarşı son nəfəsə qədər vuruşmasından söz açılıb. Mənim xüsusi qeyd edərək nəzərinizə çatdırmaq istədiyim başqa bir məqam var: tədbirin keçirildiyi zalda bütün yerlər dolmuşdu. Hətta foye və iclas zalının qarşısında xeyli insan toplaşmışdı.
Sirr deyil ki, insanların könülsüz getdiyi cürbəcür tədbirlər də olur. Şəhidlərimizə həsr edilən tədbirlərə isə öz istəyi ilə gələnlər hətta dəvətlilərin sayını üstələyir. Bu tədbirdə də belə idi.
İstər-istəməz 44 günlük Vətən müharibəsinin getdiyi vaxtı xatırladım. Həmin günlər yüzlərlə qubalı gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DX-nin rayon şöbəsinin qarşısına toplaşmışdı. "Vətən üçün şəhid oldum" kitabına gəlincə isə müəllifin qələmə aldığı ömür yolu onlarca qubalı səhidin şərəfli həyatından bir nümunədir. Onu da qeyd edək ki, həmin kitab Qubanın bütün kənd nümayəndəliklərinə göndərilib. Çünki qəhrəman oğulların şücaəti haqqında hamının məlumatı olmalıdır.
Rəxşəndə BAYRAMOVA,
tarix üzrə fəlsəfə doktoru,
Quba rayon sakini