"İranda hansı hadisələrin baş verən münaqişənin nə qədər müddət davam edəcəyi və postmünaqişə dövrünün necə formalaşacağı mühüm əhəmiyyət daşıyır. Bəzi hallarda hesab edirəm ki, İranda rejim dəyişikliyi və yeni İran üçün inkişaf perspektivlərinin açılması region iqtisadiyyatı üçün müsbət təsirlər yarada bilər".
QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, əgər İranda yenidənqurma, modernizasiya və modernləşmə siyasəti həyata keçirilərsə, gələcək postmünaqişə dövründə bu proseslərin region ölkələrinə, xüsusilə də Azərbaycana müsbət təsirləri olacaqdır. Digər tərəfdən isə strateji baxımdan neftin qiymətinin ucuzlaşması və İran neftinin dünya bazarına çıxarılması müəyyən mənfi təsirlərə də səbəb ola bilər:
"Nəzərə alsaq ki, İran iqtisadi inkişaf baxımından təxminən 30 il geri qalıb, əgər bu gün İran iqtisadiyyatında ciddi inkişaf baş verərsə, sözsüz ki, bu prosesdə Azərbaycan da iştirak edəcək. Eyni zamanda ABŞ və digər ölkələrin investisiyaları İrana yönələrsə və İran iqtisadiyyatı dünya bazarlarına açılarsa, region ölkələri üçün yeni imkanlar yaranacaqdır. Bu baxımdan logistika və nəqliyyat xətlərinin daha intensiv inkişaf etdirilməsi, İran iqtisadiyyatının Avropaya inteqrasiyasında Azərbaycanın rolunun artması mümkündür. Gələcək perspektivdə, qeyd etdiyim kimi, neft qiymətləri məsələsi ilə yanaşı, İran iqtisadiyyatının inkişafı və orada daha mütərəqqi bir rejimin formalaşması regionun ümumi iqtisadi inkişafına müsbət təsir göstərə bilər".
Pərvanə Fərhadqızı