Bakı, 28 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NİİM-dən AZƏRTAC-a verilən məlumata görə, bu qəzaların təhlili göstərib ki, yüksək sürət, işıqforun qadağanedici işarəsində hərəkətetmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir.
Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.
İl ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Həm qəzalarla, həm də nasaz avtomobillərlə bağlı NİİM və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb.
Bakıda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 60 küçə və prospekt üzrə işıqforlara 73 min 717 dəfə “yaşıl dalğa” rejimi tətbiq edilib.
Məlumat-sürət portalları vasitəsilə yollarda sıxlıq, təmir işləri, hava şəraiti və qəza halları ilə əlaqədar sürücülər məlumatlandırılıb və təhlükəsizliyi təmin etmək üçün sürət hədləri 63 dəfə endirilib.