İranın pilotsuz uçuş aparatı hazırda ABŞ-nin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin yerləşdiyi bildirilən Oman körfəzi üzərində uçuşlar həyata keçirir. Eyni zamanda, ABŞ-yə məxsus pilotsuz uçuş aparatı Hörmüz boğazı üzərində fəaliyyət göstərir.
Bu uçuşlar dəniz nəqliyyatının monitorinqini nəzərdə tutur və hər hansı bir gəminin potensial gizli əməliyyat məqsədilə mülki gəmilərin hərəkəti pərdəsi altında əraziyə daxil olub-olmadığını müəyyənləşdirməyə yönəlib.
Bununla belə, ekspertlər bildirirlər ki, Vaşinqton İrana mümkün hücumdan öncə kəşfiyyat uçuşlarını intensivləşdirir.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Rüstəm Tağızadə qeyd edib ki, İranda yanvarın əvvəlində baş verən etirazlar rejimi devirməsə də, mühüm bir həddi keçdi:
“Məhz bu fonda ABŞ-ın Yaxın Şərqdə hərbi varlığını artırması əsas sualı gündəmə gətirir: daxili destabilizasiya ilə xarici hərbi təzyiq arasında əlaqə varmı, yoxsa bu, sadəcə təhlükəli bir paralellikdir?
Böyük güclər nadir hallarda birbaşa zərbəyə keçməzdən əvvəl rəqibin daxili dayanıqlığını sınamadan addım atırlar. İran nümunəsində bu test artıq aparılıb. Yanvar üsyanları rejimi devirmədi, lakin bir şeyi açıq göstərdi: sistem nəzarəti saxlayır, amma bu nəzarət getdikcə daha baha başa gəlir. Xarici təzyiqin məhz bu mərhələdə artması təsadüfi görünmür.
Üsyan boğuldu, problem qaldı. Yanvar etirazları sosial-iqtisadi sıxıntılar və perspektivsizlik fonunda formalaşmışdı. Hakimiyyət dalğanı təhlükəsizlik vasitələri ilə yatırdı, lakin legitimlik problemi aradan qalxmadı. Əksinə, sərt reaksiya sistemin özünə inamının zəiflədiyini göstərdi.
Bu tip üsyanlar adətən rejimləri dərhal devirmir. Onların əsas funksiyası elita daxilində parçalanma riskini artırmaq, təhlükəsizlik aparatını daimi gərginlikdə saxlamaq və xarici aktorlar üçün manevr pəncərəsi yaratmaqdır.
Bu pəncərə hələ tam açılmayıb, lakin mövcuddur. ABŞ-ın regionda hərbi yığınağı hücum hazırlığı yox, şahmatda fiqurların səssiz yerləşdirilməsidir. Məqsəd ‘şah’ demək deyil, oyunu elə qurmaqdır ki, Tehran üçün təhlükəsiz gediş qalmasın. Hər bir mümkün addım — daxili sərtləşmə, regional geriçəkilmə və ya eskalasiya — fərqli formalarda olsa da, eyni nəticəyə aparır: mövqelərin zəifləməsi. Bu mənada hərbi varlıq zərbə üçün yox, şahmata məcbur edən təzyiq alətidir”.

Politoloqun sözlərinə görə, hazırda Vaşinqtonun əsas tərəddüdü hərbi imkanlarla bağlı deyil:
“Həlledici sual İran cəmiyyətinin psixoloji vəziyyətidir. Son qətliamlardan sonra ölkədə dərin depressiya müşahidə olunur, sanki ‘dəfn mərhələsi’ yaşanır. Tarixən bu mərhələ iki fərqli istiqamət yaradır: ya qisas hissi ilə yenidən alovlanan küçə etirazları, ya da ‘hər şey bitdi’ psixologiyası ilə kollektiv geri çəkilmə.
ABŞ məhz bunu ölçür. Xarici zərbə yalnız o halda məntiqli sayılır ki, paralel olaraq daxildə kütləvi hərəkətlənməni gücləndirsin. Əks halda, müdaxilə rejimin ‘xarici düşmən’ narrativini möhkəmləndirə bilər. Buna görə də indiki pauza hərbi deyil, sosioloji müşahidə mərhələsidir.
ABŞ–İsrail koordinasiyası təzyiqin əsas dayağıdır. Lakin Körfəz ölkələrinin ehtiyatlı mövqeyi onu göstərir ki, region genişmiqyaslı müharibəyə hazır deyil. Bu isə Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır.
Hazırkı mərhələdə genişmiqyaslı hərbi hücum ehtimalı aşağıdır. Eskalasiya regional müharibəyə çevrilə və qlobal bazarlara ciddi zərbə vura bilər. Daha real ssenari məhdud və seçici zərbələrin saxlanılması, daxili təzyiq və xarici hədələmənin paralel davam etdirilməsi, əsas məqsədin isə rejimi devirmək deyil, onun davranışını dəyişmək olmasıdır.
İran ətrafında formalaşan vəziyyət müharibənin başlanğıcı deyil, uzadılmış böhran mərhələsidir. Əsas sual ‘zərbə olacaqmı?’ yox, daha dərindir: Tehran bu çoxqatlı təzyiqi nə qədər müddət udmağa qadirdir? Əgər daxili narazılıqlar yenidən alovlanar və xarici təzyiq eyni vaxtda artarsa, bu iki xətt nə ABŞ, nə də İran üçün tam nəzarət edilə bilməyən bir nöqtədə kəsişə bilər”.
Atilla Rzasoy