EN

Professor: “Bahalı dərmanların uşaqlara verilməsi nə dərəcədə real olacaq?”

“Uşaq onkologiyası əvvəllər Dövlət Proqramı çərçivəsində ana və uşaq mühafizəsi sisteminə daxil idi. Hazırda isə bu proqramın icbari tibbi sığorta zərfinə transfer olunacağı gözlənilir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

 

A.Qeybullanın sözlərinə görə, uşaqlar arasında çox yayılan onkoloji xəstəliklərdən biri uşaq leykozlarıdır: “Nəzərə almaq lazımdır ki, bu cür xəstəliklər kifayət qədər xərc tələb edir. Hazırda polikimyəvi terapiyanın tədricən immunoterapiya, hədəf terapiyası (target terapiya) əvəz olunduğu bir vaxtda, bahalı dərmanların alınıb uşaqlara verilməsi nə dərəcədə real olacaq? Hər halda bu çox yaxşı plandır. Onu optimal həyata keçirmək məsələsi var. Çünki onkoloji xəstəlikləri birdən-birə tam əhatə etmək imkanı dövlətin indiki ayırdığı vəsaitlə real görünmür. Bu baxımdan hesab edirəm ki, bu məsələ hələlik təcrübə olaraq ortaya atılıb. Nəticəsini ilin sonunda görəcəyik ki, nə dərəcədə buna nail olublar. Əgər nail olacaqlarsa bu əlbəttə alqışlanılandır”.

 

Qeyd: Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, keçən ilin sonundan etibarən bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu yaradılıb. Bu il pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta təminatına alınması ilə bağlı hazırlıq işləri davam edir.

 

Şəhanə Quliyeva

Tarix: 28 Yanvar 2026, 11:34   
Chosen
21
pravda.az

1Sources