EN

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

Bakı, 28 yanvar, AZƏRTAC

Paytaxtda və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə təhsil, səhiyyə, sosial xidmət və digər sahələrdə obyektlərin inşası və bərpası, ölkədə aparılan genişmiqyaslı islahatlar uşaqların hüquqlarının müdafiəsi, habelə onlar üçün keyfiyyətli xidmətlərin, bərabər imkanlara əsaslanan mühitin, sağlam, təhlükəsiz şəraitin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, ictimai münasibətlərin inkişafı müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaradır. Bu baxımdan ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş hüquqi islahatların məntiqi davamı olaraq yaranan yeni münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış “Uşaq hüquqları haqqında” Qanunun layihəsi özündə uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları ehtiva edir.

AZƏRTAC xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir.

“Digər mühüm dəyişiklik layihədə uşaqlar barəsində icraata dair müddəaların ətraflı şəkildə verilməsindən ibarətdir. Həmin müddəalar bu sahədə mövcud olan beynəlxalq hüququn normalarında əks olunmuş prinsiplərin ehtiva edilməsi və uşaqların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarının müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyətə malikdir”, - deyə ombudsman qeyd edib.

Chosen
66
2
azertag.az

3Sources