Paris, 28 yanvar, AZƏRTAC
Fransada kimyəvi zorakılıqla bağlı səs-küylü məhkəmə işi yekunlaşıb. Keçmiş senator Joel Gerrio deputat Sandrin Jossonu cinsi zorakılıq və ya zorlamaya məruz qoymaq məqsədilə narkotik maddə verməkdə təqsirli bilinərək 4 il həbs cəzasına məhkum edilib.
AZƏRTAC xəbər verir ki, 68 yaşlı senator həmçinin, məcburi tibbi nəzarətə cəlb olunub. Hadisədən sonra istefa verən senator 5 il müddətinə seçilmək hüququndan məhrum edilib və zərərçəkənlə hər cür əlaqə qurması qadağan olunub. Məhkəmə onu narkotik maddə saxlamaqda da təqsirli bilib. Joel Gerrio Sandrin Jossoya ümumilikdə 9 min avro təzminat ödəməlidir. Onun vəkili vasitəsilə hökmdən apellyasiya şikayəti verəcəyi bildirilib.
Hadisə 2023-cü ilin noyabrında Parisdə, keçmiş senatorun evində baş verib. İttihama görə, Joel Gerrio deputata MDMA tərkibli maddə verərək onu huşsuz vəziyyətə salmağa cəhd edib. Məhkəmə prosesində Joel Gerrio özünü müdafiə edərək, narkotik maddənin şampan qədəhinə təsadüfən düşdüyünü iddia edib.
Məhkəmədə keçmiş senatorun ifadələrindəki ziddiyyətlər də diqqətə çatdırılıb. O, MDMA maddəsini aylar əvvəl başqa bir senatordan aldığını, lakin onun narkotik olduğunu bilmədiyini iddia edib. Bununla yanaşı, hadisədən bir ay əvvəl internetdə ekstazi axtarışı etməsi də onun izah edə bilmədiyi məqamlardan biri olub.
Joel Gerrio proses zamanı Sandrin Jossodan üzr istəyərək, səhv etdiyini, axmaq və məsuliyyətsiz davrandığını etiraf edib. Buna baxmayaraq, deputat onun açıqlamalarını inandırıcı hesab etməyib. Sandrin Josso məhkəmədə başına gələnlərin onda dərin psixoloji travma yaratdığını, yuxu problemləri, davamlı ağrılar və ciddi sağlamlıq fəsadları ilə üzləşdiyini bildirib.
Qeyd edək ki, Joel Gerrio Senatda Fransa-Ermənistan dostluq qrupunun üzvü olub.