EN

İslahatlar başladı: Azərbaycanda teatrlar ləğv ediləcək? Mühüm məqamlar

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb. Proses çərçivəsində ictimaiyyətdə müxtəlif fikirlər səsləndirilir.

Globalinfo.az teatrşünas, professor Aydın Talıbzadə ilə sözügedən mövzu ətrafında söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

– Teatrlarda bəzi vəzifələrin ləğv edilməsi diqqət çəkir. İctimaiyyətdə iddia edilir ki, onsuz da tamaşalara gedən yoxdur və proses teatrlar ləğv edilsin. Deyilir ki, ehtiyac olmayan nə varsa, zamanla sıradan çıxır.

– Dünən Mədəniyyət Nazirliyinin bir görəvlisi zəng edib məndən soruşdu ki, Aydın müəllim, teatrlarda baş rejissor vəzifəsinin ləğv edilməsi qərarı ilə bağlı fikriniz nədir? Dedim ki, bu, ƏLACSIZLIQ QƏRARIDIR! Həqiqətən, teatrlardakı vəziyyəti nəzərə alaraq verilmiş qərardır. Açıq etiraf etməliyik ki, bu gün hər hansı bir teatrı öz ardınca aparacaq, onun inkişaf konsepsiyasını, çağdaş dövrümüzə uyğun poetikasını müəyyənləşdirəcək LİDER REJİSSOR, çox təəssüf ki, yoxdur. Teatrda lider funksiyasını öz boynuna götürəcək bədii rəhbərlər də mən görmürəm. Teatr balaca bir dövlətdir, əgər orada lider yoxdursa, teatr yavaş-yavaş uçuruma yuvarlanır. Odur ki, baş rejissor vəzifəsinin teatr üçün vacibliyi danılmazdır. Azərbaycan teatrının da artıq uzun illərdir ki, bir sıra yardadıcılıq problemləri məhz bu məsələdən qaynaqlanır. Amma məni qayğılandıran başqa bir məqam var: bu əlacsızlıq qərarından sonra Azərbaycan teatrının aqibəti necə olacaq…

– Teatrlara tamaşaçı marağı hansı səviyyədədir?

– Cəmiyyətdə iddia edilir ki, tamaşalara gedən yoxdur. İddia əsassızdır. Düzdür, biz teatrlara kütləvi seyrçi axınından danışa bilmərik. Lakin bir müddət öncə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalı (BİAF – Baku İnternational Art Festival) zamanı biletlərin yetərincə baha olmasına rəğmən Kanadadan, İsraildən, Çindən, Fransadan gətirilmiş tamaşalara düşmək müşkül idi. İnandırım sizi ki, teatr camiəsinin böyük əksəriyyəti bu tamaşalara baxa bilmədi. Paradoks? Əlbəttə ki, paradoks. O ki qaldı teatrların ləğv edilməsi məsələsinə bu, ictimai-sosial küfrdür. Heç ola bilərmi ki, müasir dünyanın siyasi və iqtisadi mənzərəsində önəmli mövqelərə yiyələnmiş, nüfuz qazanmış Azərbaycan kimi bir dövlət respublikanın şərəfli tarixə malik milli sərvətindən imtina eləsin? Bir də mən fikirləşirəm ki, Azərbaycan teatrları bizim dövlət büdcəsi üçün bir elə də ağır bir yükə çevrilə bilməz. Bu arada, onu da qeyd etmək istəyirəm ki, bölgə teatrlarının vəziyyəti ilə əlaqədar qərarlar bir başqa söhbətin mövzusudur. Ona mən artıq burada toxunmuram.

Aydın Talıbzadə

– Teatr cəmiyyətə hazırda nə verir?

– Teatr idrakın, ruhun, düşüncənin, hissiyyatın qidasıdır: gözlə görünməz, ölçüyə gəlməz. Ancaq idealda bu, var və bu, elə bir həqiqətdir ki, qərinələrdən bəri təsdiqlənib. Seyrçini inandırıb ünsiyyətə cəlb edə bilən teatr, öz həqiqətinin enerjisini ötürə bilən teatr, ona sevgi bəxş edə bilən teatr, P.Brukun təsnifatından faydalanıb desək, “canlı teatr” tamaşaçının ruhuna və düşüncəsinə dad verir. Təəssüf ki, çağdaş dönəmdə Azərbaycan teatrı, bir-iki tamaşanı çıxmaq şərtilə, bunu gerçəkləşdirmək iqtidarında deyil.

– Teatra gedən, tamaşaya baxan varmı? Sonuncu dəfə hansı teatrda anşlaq yaşanıb?

– Tamaşalara kütləvi axın yoxdur: birmənalı şəkildə bu, belədir. Amma demək ki, tamaşalar boş seyrçi salonunda oynanılır – bu, qəti düzgün deyil. Mən müxtəlif teatrların tamaşalarında oluram və hər dəfəsində teatr salonunu dolu görürəm. Heç kəs bu seyrçiləri güclə tamaşaya gətirməyib ki? İstəməsəydilər gəlməyəcəkdilər. Deməli, teatr hələ də kimlərinsə marağındadır. Anşlaq məsələsi ilə bağlı onu söyləyə bilərəm ki, ADAMDT-nın “İblis və…” tamaşası uzun müddət anşlaqla oynanıldı: hətta mən öz tələbələrimi tamaşaya göndərirdim, onları teatra buraxmırdılar ki, yerimiz yoxdur, anşlaqdır. Rus Dram Teatrının tamaşalarında əksərən seyrçi sayı çox olur. İndi Gənc Tamaşaçılar Teatrında “Şah Abbas Namə” tamaşası uğurla oynanılır, hələ mən uşaq tamaşalarını demirəm. Naidə xanım İsmayılzadə necə bacarıqla idarə edir bu teatrı… Yəni pessimizmə qapılmağına dəyməz. Teatrları bağlamaq yox, sadəcə, yığcamlaşmaq lazımdır, islahatlar həyata keçirmək, repertuarı tez-tez, seyrçi marağına uyğun dəyişmək lazımdır, teatrın öz sənət həqiqətinə inanması və seyrçini də buna inandıra bilməsi lazımdır. Danışılası mətləblər çoxdur, amma hamısını bu müsahibəyə sığışdırmağa lüzum yoxdur.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
globalinfo.az

1Sources