Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasına uyğun olaraq BSU-nun Tədbirlər Planı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Qərbi Azərbaycan İcması(QAİ) İdarə Heyətinin üzvü Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin işığında” adlı kitabının təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə professor Mahirə Hüseynovanın elmi-pedaqoji, ictimai fəaliyyəti və bədii yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.
BSU-nu rektoru Anar Nağıyev təqdimatı keçirilən kitabın elmi və ictimai əhəmiyyətini xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan tarixinin, mədəni irsinin və milli dəyərlərinin sistemli şəkildə tədqiqinə həsr olunan bu kitab elmi müstəvidə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.
Rektor BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Tədqiqat Mərkəzinin bu istiqamətdə gördüyü işlərdən də bəhs edərək, mərkəzin elmi fəaliyyətinin genişləndirilməsində professor Mahirə Hüseynovanın dəstəyini qeyd edib. Bildirib ki, Qərbi Azərbaycan mövzusu artıq universitetin tədris proqramlarında, dərs vəsaitlərində və elmi tədqiqat istiqamətlərində sistemli şəkildə yer almaqdadır.
Tədbirdə çıxış edən natiqlər kitabda Qərbi Azərbaycan reallıqlarının tarixi, elmi və mədəni aspektlərdən sistemli şəkildə araşdırıldığını vurğulayıblar.
Professor Mahirə Hüseynova tədqiqat əsərində Qərbi Azərbaycanın tarixi-mədəni irsi, dil, folklor və milli-mənəvi dəyərlərinin elmi əsaslarla araşdırıldığını diqqətə çatdırıb, bu mövzuda aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb.