Müasir valideynlik anlayışında uşağı oyuncaqlarla sevindirmək və onun inkişafını bu yolla sürətləndirmək geniş yayılmış yanaşmadır. Rəfləri rəngarəng, səsli və müxtəlif funksiyalı oyuncaqlarla dolu olan uşaq otaqları bir çox valideyn üçün qayğı və diqqətin göstəricisi hesab olunur. Bununla yanaşı, son illər psixoloqlar arasında belə bir fikir formalaşıb ki, oyuncaqların həddindən artıq çoxluğu uşaqlarda diqqətin dağılmasına və oyuna marağın tez itirilməsinə səbəb ola bilər. Bu mövzu valideynlər arasında birmənalı qarşılanmır və tez-tez “çox oyuncaq inkişafdır, yoxsa maneə?” sualı ətrafında müzakirələrə yol açır.
Uşaq erkən yaş dövründə dünyanı əsasən oyun vasitəsilə kəşf edir və diqqət bacarıqları da məhz bu prosesdə formalaşır. Oyun zamanı uşaq bir fəaliyyətə fokuslanmağı, səbirlə nəticə gözləməyi və düşünərək qərar verməyi öyrənir. Lakin qarşısında eyni anda çox sayda oyuncaq olduqda, onun diqqəti tez-tez bölünür, bir oyuncağa tam köklənmək əvəzinə daim digərinə yönəlir. Bu hal uzunmüddətli diqqətin formalaşmasına mane ola, oyunu daha səthi və məqsədsiz hala gətirə bilər. Xüsusilə səs çıxaran, işıq saçan və uşaqdan minimum iştirak tələb edən oyuncaqlar diqqəti cəlb etsə də, uşağın aktiv düşünmə və yaradıcılıq ehtiyacını tam ödəməyə bilər.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Nərgiz Hüseynova bildirib ki, diqqət dağınıqlığını təkcə oyuncaqların çoxluğu ilə əlaqələndirmək düzgün olmaz, lakin bu amil nəzərdən qaçırılmamalıdır:
“Uşaq üçün hər oyuncaq yeni bir stimuldur. Stimullar normadan artıq olduqda uşaq hansına fokuslanacağını seçməkdə çətinlik çəkir və nəticədə diqqətini bir nöqtədə saxlaya bilmir. Bu isə zamanla diqqətin davamlılığına mənfi təsir göstərə bilər. Valideynlər çox vaxt uşağın darıxmaması üçün ona daha çox oyuncaq təqdim etməyə çalışırlar, amma əslində uşaq az sayda, lakin yaradıcı oyuna imkan verən oyuncaqlarla daha keyfiyyətli vaxt keçirə bilir”.
Nərgiz Hüseynova həmçinin vurğulayır ki, oyuncaqların rəngli və fərqli olması problem deyil, əsas məsələ onların yaşa uyğunluğu və necə təqdim olunmasıdır:
“Valideyn oyuncaqları eyni anda uşağın ixtiyarına vermək əvəzinə, onları növbəli şəkildə təqdim etsə, uşaq hər oyuncağa daha çox diqqət ayırar və oyunu dərinləşdirə bilər. Bu zaman həm diqqət, həm də təxəyyül bacarıqları daha sağlam şəkildə inkişaf edir.”
Psixoloq valideynləri uşağın oyun prosesinə müdaxilə etmədən, sadəcə müşahidəçi və dəstəkçi olmağa çağırır:
“Uşaqlarda diqqət dağınıqlığının yaranması oyuncaqların çoxluğu ilə birbaşa və tək səbəbli şəkildə əlaqəli deyil, lakin bu faktor əhəmiyyətli rol oynaya bilər. Az, məqsədli və yaşa uyğun seçilmiş oyuncaqlar, düzgün təşkil olunmuş oyun mühiti və valideynin balanslı yanaşması uşağın diqqət bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Uşağın sağlam inkişafı üçün əsas olan oyuncaqların sayı deyil, onların uşağın daxili dünyasına necə xidmət etməsidir”.