EN

Dollar ucuzlaşır:

Son məlumatlara görə ABŞ dolları avro qarşısında zəifləyib. Bəs bu zəifləmənin əsas səbəbləri nədir və proses Azərbaycana hansı iqtisadi təsirləri göstərə bilər?İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, dollar təkcə avro qarşısında deyil, dünyanın əksər valyutalarına nisbətən zəifləməkdədir: “Birbaşa inzibati yolla məzənnəsi fiksasiya olunan valyutalar qarşısında dollar ucuzlaşmasa da, necə ki Azərbaycanda bu, baş verir, sərbəst bazar şəraitində tənzimlənən valyutalara münasibətdə dəyər itirir. Bunun əsas səbəbi faiz dərəcələrinin aşağı salınacağı ilə bağlı gözləntilərdir. Eyni zamanda, Ağ Ev administrasiyasının ABŞ Federal Ehtiyat Sisteminə (FED) uçot dərəcəsinin azaldılması istiqamətində göstərdiyi təzyiqlər də bu prosesi gücləndirir. Məhz bu amillər dolların bir çox valyutalar, o cümlədən avro qarşısında ucuzlaşmasına səbəb olur. Bu dinamikanın hələ bir müddət davam edəcəyi istisna edilmir”.E.Əmirov prosesin Azərbaycana təsiri ilə bağlı danışarkən qeyd edib ki, hər hansı ciddi və böyükmiqyaslı təsir olmayacaq: “Çünki Azərbaycana təsirləri dolların özünün manat qarşısında dəyər itirməsi və yaxud dəyər qazanması fonunda baş verir. Mərkəzi Bank tərəfindən birbaşa fiksasiya edilmiş, yəni bərkidilmiş 1 ABŞ dollarının 1,7 manat məzənnəsi nəticə etibarilə baş verən proseslərin Azərbaycan manatına təsirinin qarşısını alır. Bu da qlobal valyuta bazarlarında baş verən dəyişikliklərin manatın məzənnəsinə birbaşa təsirinin qarşısını alır. Dollar manatla bərkidildiyinə görə, dollar digər valyutalar qarşısında ucuzlaşdıqda, həmin valyutalar manat qarşısında bahalaşmış olur. Əksinə, digər valyutalar dollar qarşısında dəyər itirdikdə, bu, avtomatik olaraq manat qarşısında da ucuzlaşma ilə nəticələnir. Yəni dollarla digər valyutalar arasındakı məzənnə dəyişiklikləri dolayı yolla manatın digər valyutalara münasibətdə məzənnəsində fərqlər yaradır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
4
metbuat.az

1Sources