"Tesla" şirkətinin baş direktoru İlon Musk "Model S" və "Model X" istehsalının dayandırıldığını bəyan edib.
Ölkə.Az-ın "The Guardian" qəzetinə istinadən məlumatına görə, o bu barədə investorlarla telefon danışığında məlumat verib.
Mask "Bir az kədərlidir, amma "Model S" və "Model X" layihəsinə son qoymağın vaxtıdır" deyib.
O həmçinin mövcud sahiblərə "maşınlarından istifadə etdikləri müddətcə" dəstək verməyə davam edəcəyinə söz verib.
Modellərin 2026-cı ilin ikinci rübündə istehsalının dayandırılması planlaşdırılır.
İnvestorlarla telefon danışığı zamanı Mask Kaliforniyanın Fremont şəhərindəki zavodun daha sonra "Optimus" humanoid robotlarının istehsalına çevriləcəyini açıqlayıb. O, zavodun uzunmüddətli perspektivdə ildə 1 milyona qədər robot istehsal edə biləcəyini təxmin edir.
"İstiqaməti dəyişdirməyin və gələcəyə doğru irəliləməyin vaxtıdır", - deyə Musk şirkətin strateji planlarını şərh edərkən vurğulayıb.