EN

ŞOK HESABAT: Azərbaycanda gömrükdə idxal mallarının dəyəri süni şəkildə şişirdilir

Amerika Ticarət Palatasının (AmCham) Azərbaycandakı nümayəndəliyinin hesabatında bildirilir ki, xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlər kommersiya məqsədilə ölkəyə idxal etdikləri malların gömrük rəsmiləşdirilməsi zamanı ciddi problemlərlə üzləşirlər.

NOCOMMENT.az xəbər verir ki, hesabata əsasən, bəzi hallarda gömrük nümayəndələri idxal olunan malların gömrük dəyərini süni şəkildə artırırlar.

Qeyd olunur ki, idxalçılar malların real alqı-satqı sənədlərini təqdim etsələr belə, gömrük orqanlarının əməkdaşları öz tələblərindən geri çəkilmir. Nəticədə yük sahibinin nəqliyyat vasitəsinin gecikdirilməsi kimi əlavə xərclərdən yayınmaq üçün gömrük nümayəndələrinin irəli sürdüyü şərtlərlə razılaşmaqdan başqa çıxış yolu qalmır.

Hesabatda vurğulanır ki, bu cür gömrük praktikası iqtisadiyyatın digər sahələrinə də mənfi təsir göstərir. Süni şəkildə yüksək müəyyən edilən gömrük dəyəri və ona tətbiq olunan rüsumlar xaricdən mal gətirən sahibkarları qiymətləri artırmağa məcbur edir və bu da bazarda malların qiymətinin əsassız bahalaşmasına gətirib çıxarır.

Eyni zamanda, gömrük dəyərinin şişirdilməsi vergiödəyiciləri ilə gömrük orqanları arasında mübahisələrə səbəb olur, biznes proseslərini ləngidir və idxalçılar üçün əlavə saxlanma xərcləri yaradır. Bəzi hallarda gömrük əməkdaşları idxal zamanı tətbiq etdikləri dəyəri onunla əsaslandırırlar ki, guya eyni adlı məhsul əvvəllər həmin qiymətlə rəsmiləşdirilib və daha aşağı məbləğlə rəsmiləşdirilməsi mümkün deyil. AmCham hesab edir ki, bu yanaşma qanunvericiliyin normalarına ziddir və biznes üçün əlavə maliyyə yükü yarada bilməz.

Hesabatda həmçinin qeyd edilir ki, yük ölkəyə daxil olmadan əvvəl hesablanan rüsum və vergilərlə, faktiki idxaldan sonra ödənilməli olan məbləğlər arasındakı fərqlər proqnozlaşdırıla bilən biznes mühitinin formalaşmasına ciddi maneə yaradır.

Məlumatda AmCham Azerbaijan-ın Direktorlar Şurasının tərkibi barədə də ətraflı məlumat verilib. Şura təşkilatın əsas icraedici orqanıdır və Palatanın nizamnaməsinə, eləcə də Azərbaycan qanunvericiliyinə uyğun olaraq bütün əsas qərarları qəbul edir. Şuraya 10 səsvermə hüquqlu üzv, o cümlədən prezident daxildir. Bundan əlavə, ABŞ-ın Azərbaycandakı hazırkı səfiri və ya onun nümayəndəsi, eləcə də icraçı direktor səsvermə hüququ olmadan şurada təmsil olunur.

Hazırkı tərkibə prezident Dəyanət Sadullayev (PASHA Holding), birinci vitse-prezident Zaur Allahverdiyev (Baker Hughes), vitse-prezident Nuran Kərimov (Deloitte Azerbaijan), həmçinin SOCAR-dan Zaur Qurbanov, Coca-Cola Bottlers Azerbaijan LLC-dən Rena Məmmədova, NEQSOL HOLDING-dən İmran Əhmədzadə, Smart Solutions Group-dan Kənan Tabasaranlı, Dentons-dan Kamil Vəliyev, McDonald’s Azerbaijan-dan Oskar Boqopolski və PROSOL Company-dən Babək H. Ağayev daxildir.

Şurada eyni zamanda ABŞ səfirliyinin missiya rəhbərinin müavini vəzifəsini tutan Emi Karlon da səsvermə hüququ olmadan təmsil olunur.

Chosen
95
50
nocomment.az

10Sources