EN

Millət atası - Hacı Zeynalabdin Tağıyev

Millətsevərliyi, vətənpərvərliyi, maarifpərvərliyi, xeyriyyəçiliyi və təəssübkeşliyi ilə dövrdaşlarının hörmətini və sevgisini qazandı. Xeyirxah əməlləri neçə-neçə soydaşının həyat yoluna işıq saldı. İstedadı, bacarığı və həvəsi olanların qarşısında aciz qaldıqları, məqsədlərinə çatmağa imkan verməyən maddi problemlərini həll etdi. Əlləri yetdiyi və gücü çatdığı qədər ehtiyacı olanlara yardım göstərdi. Odur ki, doğma xalqı onu ən yüksək ada - "Millət atası" adına layiq gördü. Hacı Zeynalabdin Tağıyevin gördüyü böyük işlər yalnız müasirlərinin xatirələrində iz buraxmadı, həm də tariximizin unudulmaz səhifələrinə çevrildi.

Başmaqçı oğlu necə milyonçu oldu

Çoxlarının pənahı, ümid yeri olan  Hacı Zeynalabdin Tağıyev var-dövlətli ailənin övladı kimi gəlməmişdi bu dünyaya. O, 1823-cü ildə (bəzi mənbələrə görə, 1838-ci il) yanvarın 25-də Bakıda kasıb ailədə doğulmuşdu. Atası Tağı başmaqçılıq edərək birtəhər ailəsini dolandırırdı. Anası Anaxanım vəfat edəndə Zeynalabdinin on, qardaşı Əliqulunun isə yeddi yaşı vardı. Bir müddət sonra atası ikinci dəfə ailə qurdu. Bu evlilikdən beş qızı dünyaya gəldi.

Zeynalabdin uşaqlıq çağlarından yaşından böyük qayğılarla yaşamalı, atasının gün-güzəran dərdlərinə ortaqlıq etməli oldu. Atasının niyyəti öz sənətini oğluna öyrətməkdi. Zeynalabdinin qoçaqlığını görən qonşuları isə ona baqqal dükanında işləməyi təklif etdi. Amma Zeynalabdin nə başmaqçı, nə də baqqal olmaq istəyirdi. Onun bənna olmaq həvəsini görən atası bənna yanında şagird qoydu.

İşləri ağır idi. Hər gün 12 saatadək işləyir, ustaya kömək edir, palçıq daşıyırdı. Gündəlik qazancı 6 qəpik olurdu. O, uşaqlıqdan zəhmətkeş idi. Zeynalabdin on iki yaşına çatanda artıq daşyonan işləyirdi. On beş yaşında isə bənnalıq etməyə başladı. İyirmi yaşında ikən ev tikintisi və daşyonma işləri təşkil etməyə başladı. Sonralar öz tikinti işlərinə özü nəzarət etdi.

1870-ci ildə artıq iki qazanxanadan ibarət kerosin zavodunun sahibiydi. O, "Hacı Zeynalabdin" şirkətini yaradanda isə 1872-ci il idi. Həmin il neftli torpaqlar hərraca qoyulanda Bibiheybətdə iki ortağı ilə bərabər torpaq sahəsi götürərək buruq qurub quyu qazmağa başladı. Bakının neft səltənətinə çevrilməyə başladığı vaxtlar idi. Azərbaycana müstəmləkəsində olduğu çar Rusiyasından və xaricdən sərmayədarlar gəlirdilər. Onlar Bakı ətrafındakı kəndlərdə torpaq sahələri alaraq  orada neft buruqları qazdırırdılar. 

Ancaq beş il keçsə də, Zeynalabdin və ortaqları müsbət nəticəyə nail ola bilmirdilər. Neft çıxmır, xərclər isə getdikcə artırdı. Ümidləri tükənən ortaqları neft axtarmaqdan əl çəkmək qərarlarını verəndə Zeynalabdin onların pullarını ödəyib torpaq sahəsinin tək sahibi oldu.

Tale sanki onun dözümünü, əzmini sınağa çəkmişdi. Zeynalabdin isə geri çəkilmək niyyətində deyildi. Bəlkə də elə bu əzminin mükafatı oldu, 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. O, "H.Z.Tağıyev" adlı neft şirkətini qeydiyyatdan keçirdi. Beləcə, başmaqçı oğlu milyonçu oldu...

Şan-şöhrət və aşıb-daşan var-dövlət

Gündən-günə artan, aşıb-daşan var-dövləti idarə etmək onun üçün çətin olmadı. Çünki fitrətdən ağıllı, uzaqgörən, təmkinli və cəsarətli idi. Zaman və şərait Hacı Zeynalabdin Tağıyevin həm də yüksək təşkilatçılıq bacarığına malik olduğunu göstərdi. Bu keyfiyyətləri sayəsində o, öz şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxara bildi. Gəlirləri sürətlə artdı. Neft zavodları aldı. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görüldü. Onun neft şirkəti 1896-cı ildə hasilatda ən yüksək göstəriciyə çataraq, 32 milyon pud (512 kq) neft hasil etdi.

Dövrünün ən yeni avadanlıqlarını quraşdırdığı mədənində çalışan ustalara Hacı Zeynalabdin yüksək əməkhaqqı verdi.

Tağıyev qeyri-neft sektoruna qoyduğu sərmayələrdən də xeyli gəlir əldə etdi. 1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoydu. İri balıqçılıq vətəgələrinə sahib olan sahibkar balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqalada soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu tikdirdi.

XIX əsrin sonlarında neft daşıyan gəmilərin sahibləri Hacı Zeynalabdin Tağıyevin məsləhəti ilə bir araya gələrək vahid şirkət yaratdılar. XX əsrin başlanğıcında isə "Kür-Xəzər" gəmiçilik və aksioner cəmiyyəti təsis olundu. Yeni qurumun əsas məqsədi sərnişin və yük daşımalarını həyata keçirmək idi. Gəmilər Xəzər dənizindəki bütün limanlarda, Volqa çayında, Kür çayında hərəkət edirdi.

Çox keçmədi ki, Tağıyev şəhərdən Bibiheybət mədənlərinə şose yolu çəkdirdi. O, Bakı-Şollar su kəmərinin tikintisi üçün də pul ayırdı.

Hacı Zeynalabdin Tağıyev 1900-cü ildə Qafqazda ilk toxuculuq fabriki açdı. Bakı Toxuculuq Fabrikini xammalla təmin etmək üçün Yevlaxda pambıq əkini üçün torpaq sahəsi aldı. 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu inşa etdirdi.

Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də təşkil edən Hacı Zeynalabdin Tağıyev oldu.

Hacı Zeynalabdin Bakıda və ətrafında çoxsaylı yaşayış binaları, bağ evləri və ticarət obyektlərinə sahib idi. O, 1895-1897-ci illərdə şəhərin mərkəzində böyük imarət inşa etdirdi. Məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşadığı, Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilmiş Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir. İndi həmin binada Milli Azərbaycan Tarixi Muzeyi yerləşir.

Maarifçi və xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanda maarifçiliyin inkişafına göstərdiyi xidmətlər misilsiz oldu. Yoxsulluq, maddi məhrumiyyətlər içərisində keçən uşaqlıq və gənclik illərində onun təhsil almaq imkanı olmamışdı. Təhsilsiz milyonçu məktəblərin açılması, soydaşlarının savad alması üçün öz nüfuzundan istifadə edir və bunun üçün külli-miqdarda vəsait xərcləyirdi.

Onun təşəbbüsü və dəstəyi ilə açılan Qızlar məktəbi Azərbaycanın maarifçilik tarixində böyük rol oynadı. Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi olan bu təhsil ocağının yaradılması əsl hünər idi. Çünki Azərbaycanda xurafatın, cəhalətin hökm sürdüyü o dövrdə qızların təhsil alması çoxları üçün qəbuledilməz idi. Lakin problem yalnız bundan ibarət deyildi. Məktəbin açılmasına icazənin alınması, binasının tikintisi həm də böyük zəhmət və səbir tələb edirdi. Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşən Hacı Zeynalabdin Tağıyev məqsədindən dönmədi və bu yolda ruhdan düşmədi. O, icazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikintisinə dörd il vaxt sərf etdi. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Müsəlman qızlar məktəbi üçün İsmailliyyə Sarayının yanında yer ayrıldı. Məktəb binasının layihəsini Tağıyev mahir memar Qoslovskiyə həvalə etdi. 1898-ci ildə binanın tikintisinə başlandı və 1900-cü ildə başa çatdı. Hacı Zeynalabdin Tağıyev Qızlar Məktəbinin yaradılmasına böyük vəsait sərf etdi. Dövrün böyük ziyalıları bu məktəbin ərsəyə gəlməsinə cani-könüldən qoşuldular .

Hacı Zeynalabdin Tağıyev Rusiyada mesenatlığı ilə tanınırdı. O, Azərbaycanda maarifçiliyin, mətbuatın inkişafında müstəsna xidmətlər göstərirdi. Tağıyevin vəsaiti ilə Bakıda bir sıra qəzet və jurnallar çap edilirdi.

Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər Hacı Zeynalabdin Tağıyevin iştirakı, vəsaiti, yaxud köməyilə yaradılır, fəaliyyət göstərirdi.

Hacı Zeynalabdin Tağıyev Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, II və III dərəcəli "Müqəddəs Stanislav" və Şiri-Xurşid ordenləri ilə təltif edilmişdi. 

1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olundu. Yeni hökumət ilk gündən qəlbi vətəni, xalqı ilə döyünən azərbaycanlılara qənim kəsildi. Onlardan biri də Hacı Zeynalabdin Tağıyev oldu. Onun da mal-mülkləri müsadirə edildi. İllərlə qazandığı var-dövlətinə, tikdirdiyi mülklərə uzaqdan baxmaq məcburiyyətində qaldı. Lakin yeni hökumətin rəhbərlərindən olan Nəriman Nərimanovun göstərişi ilə qocaman mesenata əlindən alınmış mülklərindən birində - Mərdəkandakı bağ evində yaşamaq imkanı verildi. Digər milyonçuların aqibəti isə daha acınacaqlı oldu. 

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə 86 yaşında) dünyasını dəyişdi. Sentyabrın 4-də dəfn edildi. Dəfni izdihamlı oldu. Hətta Nəriman Nərimanovun köməyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq da dərc edildi. 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

2Sources